Zərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir?

2025.06.18 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2023-cü il fevralın 1-dən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.15-ci maddəsinə əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alğı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 58.7-1.9-cu maddəsində edilmiş dəyişikliyə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.15-ci və 3.4.16-cı maddələrinin tələblərinin pozulmasına görə də məsuliyyət tədbiri müəyyən edilib. Belə ki, bu tələbləri pozmaqla ödənişi nağd qaydada qəbul edən şəxsə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.7-1.9-cu maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Qanun