“OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində Fondun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə qarşılıqlı əlaqələrin ölkəmizin enerji sektorunun şaxələndirilməsinə töhfə verdiyini qeyd etdik. Bərpaolunan enerji, infrastruktur və texniki yardım sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşıma əsasən, görüş çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və OPEC Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb: “2025-2030-cu illəri əhatə edən sənəd sənaye, bərpaolunan enerji, nəqliyyat, infrastruktur və digər sahələrdə dövlət və özəl sektor layihələrinin dəstəklənməsini nəzərdə tutur. Bu istiqamətdə həyata keçiriləcək təşəbbüslər iqlim maliyyələşməsi, inklüziv artım, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək”.