“Vergilər” mövzusunda ümumrespublika olimpiadası yekunlaşıb

2025.06.16 15:55 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən müasir vergi orqanlarının yaradılmasının 25 illiyinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının yekun mərhələsi keçirilib. DVX-nın Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında təşkil olunan olimpiadanın yekun mərhələsinə 25 universitetdən 100-ə yaxın tələbə qatılıb.

Tədbirin ilk günü tələbələr arasında ünsiyyətin qurulması və asudə vaxtın təşkilinə həsr edilib. Tələbələr əvvəlcə Vergi Muzeyi ilə tanış olublar, sonra Şamaxının Dəmirçi kəndinə səfər edərək burada yerli muzeyə baş çəkiblər.

Tədbirin ikinci günündə “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş seminar təşkil olunub. Tədris Mərkəzinin Vergi inzibatçılığının tədrisi şöbəsinin dosenti Zahir Babayev tərəfindən keçirilən seminarda Konstitusiya anlayışı, onun quruluşu, iqtisadi cəhətdən rolu və digər funksiyaları barədə danışılıb. Tələbələrin daha səmərəli və maraqlı vaxt keçirmələri üçün Konstitusiya ilə bağlı intellektual oyun keçirilib, Şamaxının Qaleybuğurd kəndinə səfər təşkil edilib.

Tədbirin son günündə Olimpiadanın yekun mərhələsi baş tutub. Bu mərhələyə qatılan “PwC Azərbaycan”in vergi xidmətləri üzrə direktoru Günel Sədiyeva tələbələrə öz uğur hekayəsini və təcrübəsini bölüşüb. Daha sonra DVX rəisinin müşaviri, Tədris Mərkəzinin rəisi səlahiyyətlərinin icraçısı Sərxan Həşimov olimpiada iştirakçılarını salamlayaraq, onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb.

Yekun mərhələ test sualları əsasında aparılıb, suallar vergi sistemi və vergi qanunvericiliyi üzrə mürəkkəblik dərəcəsinə uyğun hazırlanıb. İki növbədən ibarət yekun turun imtahanı 2 saata davam edib. Ən yüksək nəticə göstərən üç tələbə uğur qazanaraq finalın qalibi olub. Final mərhələsində 1 və 2-ci yerləri müvafiq olaraq Qarabağ Universitetinin tələbələri İman Zərbiyev və İslam Əlizadə, 3-cü yeri isə Milli Aviasiya Akademiyasının tələbəsi Həliməxatun İsmayılova tutublar. Qaliblərə mükafatlar və sertifikatlar təqdim olunub.