Elnur Əliyev: “Yanvar-aprel aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 37 faiz artıb”

2025.06.05 15:37 (UTC+04:00)

Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 37 faiz artaraq 1,4 milyard dolları üstələyib.

Bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan-Çin (Quandonq) İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın ticarət və şərab evləri artıq Çinin Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir: “Azərbaycan Ticarət Evi Çinin məşhur e-kommersiya platforması olan “JD”ə də aktivdir. Bu mərkəzlər ikitərəfli ticari münasibətlərimizin inkişafına töhfə verirlər. Çin şirkətləri ölkəmizdə geniş miqyasda təmsil olunurlar. Cari ilin may ayının 1-nə olan rəqəmlərə görə, Azərbaycanda 320-yə yaxın Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sektorlarında fəaliyyət göstərir”, - deyə Elnur Əliyev vurğulayıb.

AZƏRTAC