Bu gün “Şahdəniz” konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” qaz yatağının işlənməsinin növbəti mərhələsi olan yeni “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi üçün yekun investisiya qərarını elan edib.
bp-nin yaydığı məlumata görə, dəyəri 2,9 milyard dollar olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Bu layihədə məqsəd yataqdakı aşağıtəzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
ŞDK layihəsi üzrə yekun investisiya qərarının rəsmi imzalanması bu gün Bakı Enerji Həftəsi çərçivəsində baş tutub.