Qeyri-neft sənayesində ilin birinci yarısında 15,7 faizlik artım olub

2019.08.06 11:58 (UTC+04:00)

Regionlarda dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastrukturla təmin olunmuş 4 sənaye məhəlləsi yaradılıb və 38 iştirakçı qeydiyyatdan keçib. Bu rezidentlərdən hazırda 21-i fəaliyyət göstərir. Belə məhəllələrin digər rayonlarda yaradılması istiqamətində işlər davam etdirilir. Fəaliyyətdə olan 2 sənaye məhəlləsinin iştirakçıları tərəfindən 41 milyon manatlıqdan çox, o cümlədən bu ilin birinci yarısında 14,5 milyon manatlıq məhsul istehsal olunub.

İqtisadiyyat naziri Şahin Mustafayev AZƏRTAC-a müsahibəsində bildirib ki, ölkədə idxalı əvəz edən və ixracyönümlü sənayenin inkişafı, bu sahəyə investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə bu günədək 400-ə yaxın layihəyə investisiya təşviqi sənədi verilib, bu layihələr çərçivəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat investisiya yatırılıb və 16 mindən çox iş yeri yaradılıb.

Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkə iqtisadiyyatında sənayeləşmə sürətlənir, davamlı olaraq artan ÜDM-də sənayenin payı yüksəlir. Son 3 illik tendensiyaya nəzər salsaq, ÜDM-də sənayenin payının 2016-cı ildə təxminən 37,1 faiz, 2017-ci ildə 40,1 faiz, 2018-ci ildə 44 faiz, 2019-cu ilin yanvar-iyun aylarında isə 44,6 faiz olduğunu görərik. Qeyri-neft sənayesində isə bu ilin birinci yarısında 15,7 faizlik artıma nail olunub. Ümumilikdə isə bu ilin ilk yarısında qeyri-neft ixracının 51 faizini kənd təsərrüfatı və emalı, 49 faizini isə sənaye məhsulları təşkil edib.