Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərin sakinləri üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu tədbirlər Ağdam rayonuna köçürülmüş və yaxın dövrdə köçürülməsi nəzərdə tutulan, hazırda ətraf rayonlarda yaşayan sakinləri də əhatə edir.
Artıq həmin sakinlərdən 817 şəxs məşğulluq tədbirlərinə cəlb edilib. Onlardan 747 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən rayona köçürülən sakinlərdən 17 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 70 sakin isə peşə kurslarına cəlb edilib.
Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.