"Qlobal kapital bazarı qlobal ÜDM-i 3 dəfə üstələyir. Azərbaycanda isə qiymətli kağızlar bazarı 2024-cü ildə 62 faiz artıb".
Bu fikri Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Tərlan Rəsulov Maliyyə İnvestisiya Forumunda səsləndirib. Onun sözlərinə görə, ölkəmizin kapital bazarının həcmi 2,6 dəfə artaraq 72,5 milyard manat təşkil edir: "Böhran təcrübəsi kapital bazarlarının nə qədər mühüm alət olduğunu göstərir. Son illər Azərbaycanın kapital bazarlarının inkişafına diqqət artırılıb. Alternativ maliyyələşmə mənbələrinin genişlənməsi ümumilikdə iqtisadiyyatımız üçün mühüm əhəmiyyət daşıyır".
T.Rəsulov bildirib ki, AMB kapital bazarının inkişafını sürətləndirmək məqsədilə 2024–2026-cı illəri əhatə edən strateji fəaliyyət planı çərçivəsində genişmiqyaslı islahatlara start verib. Son illərdə kapital bazarının iqtisadi inkişaf və innovasiya ilə əlaqəli rolu daha da artıb, bu istiqamətdə aparılan tədqiqatlar inkişaf edib və inkişaf etməkdə olan ölkələr üçün oxşar nəticələri təsdiqləyib: “AMB kapital bazarlarının inkişafını dörd əsas istiqamət üzrə həyata keçirir - bazar infrastrukturunun təkmilləşdirilməsi, institusional iştirakın gücləndirilməsi, investorlar üçün çıxış imkanlarının genişləndirilməsi və investisiya alətlərinin çeşidinin artırılması. Son iki ildə həyata keçirilən tədbirlər nəticəsində ticarət və ticarət sonrası sistemlərin avtomatlaşdırılması, platformaların inteqrasiyası və səhmlərin ilkin abunə yazılışı kimi yeniliklər reallaşdırılıb".
T.Rəsulov ilk dəfə olaraq səhmlərin bazar əməliyyatlarının mobil tətbiq vasitəsilə icra olunmağa başlandığını və bunun investorlar üçün daha əlçatan mühit yaratdığını vurğulayıb.