Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

2025.05.23 10:50 (UTC+04:00)

İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün Qlobal Startap Ekosistemi İndeksini açıqlayıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) məlumatına görə, son dörd ilin hesabatlarında ardıcıl yüksəliş nümayiş etdirən Azərbaycan cari ildə ən yüksək nəticəyə nail olub. Belə ki, ölkəmiz qlobal reytinqdə 2024-cü illə müqayisədə 6 pillə irəliləyərək 74-cü yerdə qərarlaşıb. Ekosistemin illik artım tempi 24 faiz təşkil edib ki, bu da Mərkəzi Asiya regionunun ən yüksək göstəricisidir.

Azərbaycanın əldə etdiyi digər uğurlu göstərici Bakının reytinqdə “İlin şəhəri” olaraq seçilməsidir. Paytaxt şəhər xüsusilə elektron kommersiya, pərakəndə satış, təhsil, həmçinin sosial-əyləncə sektorunda innovativ texnologiyaların tətbiqi üzrə rəqiblərindən öndədir. Bununla yanaşı, Bakı tədbirlər (31), logistika (65), səyahət (71), onlayn bazarlar (91) və “SaaS” xidmətləri kateqoriyalarında da ilk qlobal yüzlükdə yer alıb.

Qeyd edək ki, Azərbaycan “StartupBlink” qlobal reytinqində 2021-ci ildə 89, 2022-ci ildə 85, 2023-cü ildə 84 və 2024-cü ildə isə 80-ci mövqedə olub. Bu il ümumilikdə 118 ölkənin və 1473 şəhərin innovasiya göstəriciləri dəyərləndirilib. Reytinqin ilk beşliyində ABŞ, Birləşmiş Krallıq, İsrail, Sinqapur və Kanada yer alıb.