Payın alğı-satqısından əldə olunan gəlirə (mənfəətə) görə vergi azadolmaları

2019.08.05 17:54 (UTC+04:00)

"BSC Consulting" şirkətinin Maliyyə departamentinin rəhbəri Arzu Xəlilova mövzu ilə bağlı bildirib ki, normanın dispozisiyasından da göründüyü kimi, gəlir (mənfəət) vergisindən azadolmanın tətbiq edilməsi üçün ilkin şərt (payın və ya səhmin azı 3 (üç) il ərzində şəxsin mülkiyyətində olması) müəyyən olunub. Payın bir hissəsi ən azı 3 il, digər hissəsi isə bu müddətdən az vaxtda mülkiyyətdə olduqda, azadolma yalnız ən azı 3 il mülkiyyətdə olmuş paya tətbiq ediləcəkdir.

Misal: "C" şirkətinin nizamnamə kapitalı 1.000 manatdır. İki ildir ki, payların 60 faizi "A" adlı fiziki şəxsin mülkiyyətindədir. Şirkətin nizamnamə kapitalındakı payların qalan 40 faizi "B" adlı fiziki şəxsin mülkiyyətindədir. "A" fiziki şəxs "B" fiziki şəxsdən onun 40 faizini alir və yeganə təsisçisi olur. Bir ildən sonra "A" fiziki şəxs 100 faiz payını "D" adlı fiziki şəxsə satır. Hazırkı vəziyyətdə "A" fiziki şəxs üç ildir ki, 60 faiz paya, bir il isə 40 faiz paya sahiblik edir. Bu zaman Vergi Məcəlləsinin 102.1.27-ci maddəsinə əsasən, 1.000 manat payın alğı-satqısının 600 manatlıq hissəsinin satışı zamanı əldə olunan gəlirin 50 faizi gəlir vergisindən azad edilir, 400 manatlıq hissənin satışı zamanı əldə edilən gəlirə isə tam olaraq gəlir vergisi hesablanacaqdır.

Fəxriyyə İKRAMQIZI