“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının birgə təşkilatçılığı ilə idxal-ixrac əməliyyatları ilə məşğul olan, logistika sektorunda fəaliyyət göstərən KOB subyektləri ilə görüş keçirilib.
Tədbirdə Səhiyyə Nazirliyinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri də iştirak ediblər.
Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində təşkil olunmuş görüşün məqsədi sahibkarların, xüsusilə də idxal-ixrac və logistika sahəsində fəaliyyət göstərən iş adamlarının qarşılaşdıqları çətinliklərin öyrənilməsi, bu sahədə dövlət qurumları və özəl sektor arasında dialoq mühitini təmin etmək olub. Tədbir çərçivəsində 100-ə yaxın sahibkarın idxal-ixrac əməliyyatları, daşıma ilə bağlı sualları cavablandırılıb, aidiyyəti qurumlar tərəfindən mövcud prosedurlar və qaydalar izah olunub, tərəflər təklif və tövsiyələrini bölüşüb, qarşılıqlı əməkdaşlıq üçün gələcək addımlar müzakirə edilib.