Moldovada ilk dəfə Azərbaycan xalçalarının sərgisi keçirilib

2025.05.19 16:07 (UTC+04:00)

Moldovanın Kişineu şəhərində “Azərxalça” ASC istehsalı olan Azərbaycan xalçalarından ibarət "Gözəlliyin harmoniyası. Azərbaycan xalçalarının zamansız zərifliyi" adlı sərgi nümayiş olunub.

ASC-nin məlumatına görə, bu, “Azərxalça”nın Azərbaycanın zəngin mədəni irsi, milli mənəvi sərvətimiz hesab olunan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə 2025-ci ildə keçirilən sayca ikinci sərgisidir.

Sərginin kolleksiyasına müxtəlif ölçülü, fərqli xalçaçılıq məktəblərinə aid, həm müasir, həm də klassik üslubda toxunmuş 21 yun və ipək xalça daxildir.

Sərginin qapıları bir ay ərzində ölkə vətəndaşları, ölkəyə səyahət edənlər və bütün xalçasevərlər üçün açıq olacaq, maraqlananlara Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcək.

Xalçalarla yanaşı, Azərbaycanın xalçaçılıq sənətinə həsr olunmuş foto sərgi də ziyarətçilərə təqdim olunacaq.