İşğaldan azad edilmiş ərazilərin iqtisadiyyatını dirçəltmək və burada məskunlaşdırılacaq vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində yaradılmış iki sənaye parkından biri “Araz Vadisi İqtisadi Zonası”dır. Burada, əsasən, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması əsas prioritetlərdəndir.
1800 iş yeri, 130 milyon manat investisiya...
Cəbrayıldakı sənaye parkının tam fəaliyyət göstərməsi ilə 1800 nəfərin işsizlik problemi geridə qalacaq. Hazırda 16 rezident və 3 qeyri-rezidenti olan parkın ərazisi 200 hektardır və ümumi investisiyaların həcmi 130 milyon manata bərabər olacaq. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) açıqladığı ən son rəqəmlərə əsasən, indiyədək görülmüş işlərə 35 milyon manatdan çox investisiya yatırılıb və bunun sayəsində 100-ə yaxın daimi iş yeri yaratmaq mümkün olub.
Logistika imkanları diqqət mərkəzindədir
Heç kimə sirr deyil ki, dəmir yolları ilə yükdaşımlar digər nəqliyyat növləri ilə müqayisədə daha rentabellidir. Bu baxımdan, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarların diqqət mərkəzindədir. Çünki bu park Horadiz-Ağbənd dəmir yolunun yaxınlığında yerləşir və bu nəqliyyat qovşağı gələcəkdə Zəngəzur dəhlizinə birləşməklə Avropaya qədər uzana bilər. Bu da parkda fəaliyyət göstərən sahibkarlara istehsal etdikləri məhsulları dünya bazarına, xüsusən qərb istiqamətində satışa yönləndirməyə böyük şans verəcək. Sadə bir hesablama aparaq: bu sənaye parkından Qara dəniz sahilindəki Poti limanına (Gürcüstan) məsafə 800 kilometrdən artıq deyil ki, bu da geniş imkanlar açır.
1,7 milyon manatlıq məhsul satışı və xidmətlər
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda 2 müəssisə fəaliyyət göstərir. İZİA-nın məlumatına əsasən, artıq parkın 30 faizi sahibkarların istifadəsindədir. Burada fəaliyyətə başlayan sahibkarlar indiyədək 1,7 milyon manatlıq məhsul satışı və xidmətlər göstəriblər. İndiki məqamda parkda 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər davam etdirilir.
İldə 20 minə yaxın televizor istehsalı
Sənayə parkında fəaliyyətə start verən 2 müəssisədən biri "Taube Electronics" MMC-dir. Adından da göründüyü kimi, MMC sənaye parkının ərazisində elektronika vasitəsi, yəni smart televizorların istehsalı ilə məşğul olacaq. Müəssisədə ilkin olaraq ildə 19 min 500 ədəd televizor hazırlanması nəzərdə tutulur. Həm yerli, həm də xarici bazarda “Taube” brendi ilə qarşımıza çıxacaq bu cihazlar 4 müxtəlif ekran ölçüsü ilə alıcıların seçiminə təqdim ediləcək. İl ərzində 4.485 ədəd 32 düym, 9.555 ədəd 43 düym, 3.510 ədəd 50 düym və 1.950 ədəd isə 55 düym televizorun istehsal edilib satışa çıxarılması planlaşdırılır.
Televizorların istehsalı ilə məşğul olacaq zavod 200 hektarlıq sənaye parkının 1,5 hektar ərazisində yerləşir. Ümumi investisiya həcmi 3,5 milyon manat olan zavodda 20 nəfəri tam işlə təmin etmək mümkün olacaq. Hazırkı mərhələdə müəssisəyə istehsal üçün lazım olan avadanlıqların alınması və quraşdırılması istiqamətində işlər aparılır. Bütün bu işlər planlı şəkildə davam edəcəyi təqdirdə, müəssisə 2026-cı ildən işə düşəcək.
“Taube” brendi ilə satışa çıxarılacaq televizorların istehsalında istifadə olunacaq xammal, əsasən, Çindən tədarük ediləcək. Daxili bazarın tələbatı ödənildikdən sonra şirkət məhsullarını xaricə çıxarmaq niyyətindədir. Azərbaycan istehsalı olan televizorların ilkin olaraq MDB ölkələrinə göndərilməsi planlaşdırılır.
Güzəştlər istehsalı dəstəkləyəcək
Ağdam Sənaye Parkında olduğu kimi, Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Burada fəaliyyət göstərən iş adamları əlavə texniki şərtlər olmadan, dövlət vəsaiti hesabına mövcud infrastruktur imkanlarından istifadə etməklə öz layihələrini icra edə bilirlər. Ən diqqətçəkici güzəştlərdən biri də qeydiyyata alındıqları tarixdən etibarən rezidentlərin 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunmalarıdır. İstehsalı dəstəkləyəcək güzəştlər bununla da bitmir, parkda sahibkarlar üçün bir çox əlavə güzəştlər də var. Bunlar sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirimlərdir. Bu güzəştlər sahibkarlara vəsaitlərinə qənaət etmək və istehsalı genişləndirmək şansı verir. İZİA-nın idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günədək 511 milyon manatdan çox vəsaitə qənaət ediblər. 2025-ci ilin I rübü üzrə isə bu göstərici 7,3 milyon manat təşkil edib. Bu ilin ilk rübündə azad edilmiş ərazilərdəki sənaye parklarında fəaliyyət göstərən sahibkarlara idxal olunan texnika, texnoloji avadanlıqlar, eləcə də xammala görə 142 təsdiqedici sənəd verilib. Bunun sayəsində müəssisələr ümumilikdə təqribən 8 milyon manata yaxın vergi və rüsumlardan azad ediliblər.
Faiq KƏRİMOĞLU