Braziliya hökuməti vergi islahatına hazırlaşır

2019.08.05 13:55 (UTC+04:00)

Bu ilin avqustunda təqdim ediləcəyi gözlənilən vergi islahatları layihəsinin hazırlanması ilə bağlı Braziliyanın dövlət başçısı Jair Bolsonaro açıqlama verərək bildirib ki, hökumət vergi yükünü azaltmağı, gəlir vergisinin dərəcəsini aşağı salmağı planlaşdırır: "Vahid verginin tətbiqinə nail olmaq asan deyil, ancaq biz heç olmasa, vergi növlərinin sayının azaldılmasına cəhd edəcəyik".

Prezident "Facebook" sosial şəbəkəsi ilə canlı müraciətində qeyd edib ki, hökumət diqqəti federal vergilər üzərində cəmləşdirəcək. Parlamentin tətilə çıxmasına az qalmış deputatlar islahat layihəsinə baxmaq üçün xüsusi komissiya yaradıblar. Komissiya layihəni təsdiqləyəndən sonra öz təkliflərini Senata təqdim edəcək. Bolsonaro hökumətinin əsas prioritetini vergi sistemindəki islahatlarla yanaşı, təqaüd və inzibati sistemin, eləcə də özəlləşmə sahəsində təkmilləşdirmələrin aparılması təşkil edir. Hökumətin qənaətinə görə, bu addımların atılması ölkədə 10 milyon iş yerinin açılmasına şərait yaradacaq.