Pərakəndə ticarət dövriyyəsində artım qeydə alınıb

2025.05.13 17:25 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,4 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 449,8 manatlıq, o cümlədən 252,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 197,4 manatlıq qeyri-ərzaq malları alıb.