İyul ayında elektrik enerjisinin istehsalı 2,4 faiz, ixracı isə 10 dəfəyə yaxın artıb

2019.08.03 11:17 (UTC+04:00)

2019-cu ilin iyul ayında 2,13 mlrd. kVts elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin iyul ayı ilə müqayisədə 50 milyon kVts və ya 2,4 faiz çoxdur. Bu barədə "Report"un hazırladığı məlumatda bildirilir ki, ötən ilin iyul ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb. Bunun isə əsas səbəbi ötən ilin iyul ayında enerjisistemdə qəza baş verməsi nəticəsində yaranan böhran, bu il isə "Reabilitasiya Proqramı" çərçivəsində görülən işlər nəticəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə, xüsusilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi tədarük edilməsini şərtləndirib. Belə ki, ötən ilin iyul ayında qonşu dövlətlərə 10,4 milyon kVts elektrik enerjisi ixrac edildiyi halda, bu il 101,8 milyon kVts elektrik enerjisi ixrac edilib.