- Simona xanım, Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi münasibətlərdə əsas prioritetlər hansılardır?
- Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyəti böyükdür. Cənub Qaz Dəhlizi layihəsi, üzv dövlətlərə neft məhsullarının ixrac edilməsi kimi layihələr qarşılıqlı əməkdaşlığın strateji əhəmiyyətini daha da artırıb. Avropa İttifaqının tərəfdaş olduğu TAP layihəsinə də böyük önəm veririk. Həmin kəmərin gələn il istifadəyə verilməsi planlaşdırılır.
- Yeni tərəfdaşlıq sazişində hansı yeniliklər gözlənilir?
- Hazırda Avropa İttifaqı ekspertləri ilə Azərbaycan hökuməti arasında danışıqlar aparılır. Biz Azərbaycan tərəfindən texniki aspektlərlə bağlı müəyyən aydınlıq gətirmələrini gözləyirik. Bundan sonra sənədin imzalanmasına nail ola bilərik.
Ötən illə müqayisədə bu il vergi sahəsində böyük islahatlar aparılıb,
qanunvericilikdə dəyişikliklər edilib, xeyli sadələşdirilib
- Hazırda Avropa İttifaqı üçün vergi sahəsində daha aktual olan məsələlər hansılardır?
- Biz hər il Azərbaycanda biznes forumu təşkil edirik. Bu il də Bakıda keçirilən forumda bir sorğu apardıq və nəticələrə əsasən Avropa İttifaqı şirkətləri investisiya yatırmaq, biznes qurmaq üçün vergi sisteminin şəffaflığını mühüm amil kimi qeyd ediblər. Ötən illə müqayisədə bu il vergi sahəsində böyük islahatlar aparılıb, qanunvericilikdə dəyişikliklər edilib, xeyli sadələşdirilib, daha rahat olub. Bundan sonra Avropa İttifaqı şirkətlərinin çoxu bunun pozitiv olduğunu qeyd ediblər. Bu addımdan hər kəs məmnun qaldığını bildirib.
- İkitərəfli münasibətlərdə gələcək perspektivlərlə bağlı nə deyə bilərsiniz? Hansısa yeni layihələr gözlənilirmi?
- Biz ölkənin müasirləşdirilməsi, iqtisadi baxımdan inkişafı məqsədilə hökuməti dəstəkləməyə davam edəcəyik, tərəfdaş olaraq əməkdaşlığımızı daha da genişləndirməyə çalışacağıq. İqtisadi, sosial, təhsil, kənd təsərrüfatı və s. kimi müasirləşməyə ehtiyac olan sahələrdə Avropa İttifaqının təcrübəsini, bilik və bacarıqlarını bölüşəcək, yardım göstərəcəyik.
Avropa İttifaqı şirkətləri Azərbaycanda aparılan islahatlardan, qanunvericiliyə edilən
dəyişikliklərdən, verilən fərmanlardan ümumən məmnun qaldıqlarını bildiriblər
- Bəs hazırda hansı layihələr reallaşdırılır?
- Biz Təhsil Nazirliyi ilə ali təhsil sahəsində əməkdaşlıq edirik. Bu layihə Avropa İttifaqındakı keyfiyyət çərçivəsinin Azərbaycanda tətbiqi edilməsini nəzərdə tutur. Bəzi universitetlərdə Təhsil Nazirliyi ilə birgə işləyirik. Bizim üçün bu tərəfdaşlıq çox mühümdür. Digər layihə isə icbari tibbi sığorta ilə bağlıdır. Artıq bununla bağlı qanun qəbul edilib və icrası istiqamətində işlər reallaşdırılır. Gələn ildən bu sistem bütün vətəndaşlara şamil olunacaq. Bundan başqa, xüsusilə paytaxt Bakıda havanın keyfiyyətinə nəzarət sisteminin yaxşılaşdırılması ilə bağlı layihəmiz də davam edir.
- Avropa İttifaqı şirkətləri Azərbaycandakı biznes mühitini necə qiymətləndirir və hansı təklifləri var?
- Bir az əvvəl qeyd etdiyim biznes forumundan sonra biz ölkədə etibarlı biznes mühiti qiymətləndirilməsini apardıq. Avropa İttifaqı şirkətləri Azərbaycanda aparılan islahatlardan, qanunvericiliyə edilən dəyişikliklərdən, verilən fərmanlardan ümumən məmnun qaldıqlarını bildiriblər. Bir sıra məsələlərdə, xüsusilə vergi, gömrük, təhsil sahələrində qəbul edilən qanunvericilik aktlarını alqışlayıblar. İndi ən əsas məsələ onların həyata keçirilməsidir. Bütün bu qəbul edilən qaydalar kağız üzərində qalsa, bunun ölkədəki biznes mühitinə heç bir müsbət təsiri olmayacaq. Ona görə də onlar tövsiyə ediblər ki, hökumət iqtisadi islahatları daha da dərinləşdirsin.
Fərqanə ALLAHVERDİQIZI