Teatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması

2025.05.08 09:30 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 165.5-ci maddəsində edilmiş dəyişikliyə əsasən, 2025-ci il iyulun 1-dən etibarən fiziki şəxs olan istehlakçılar tərəfindən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi geri qaytarılır.

Qeyd olunan dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə mindiyindən, tərəfinizdən 2025-ci ilin yanvar ayında teatr tamaşasına alınmış bilet üzrə ödənilmiş ƏDV məbləği geri qaytarılmır. 2025-ci il iyulun 1-dən etibarən istehlakçılar teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödədikləri ƏDV-nin 50 faizini hazırda tətbiq olunan “ƏDV gerial” rejimində qaytara bilərlər.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi