Qiymətli kağızlar üzrə hesablaşmaları Milli Depozit Mərkəzi, pul hesablaşmalarını kommersiya bankları həyata keçirəcək

2019.08.02 15:36 (UTC+04:00)

Milli Depozit Mərkəzindən bildirilib ki, yeni modelin tətbiqində məqsəd Azərbaycanın qiymətli kağızlar bazarında klirinq və hesablaşmaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, bazarda likvidliyin daha səmərəli tənzimlənməsi və bütövlükdə ölkənin qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsidir.

Yeni modelə əsasən, qiymətli kağızlar bazarında pul hesablaşmaları kommersiya bankları tərəfindən həyata keçirilməyə başlayır, qiymətli kağızlar üzrə hesablaşmaların aparılması isə klirinq təşkilatı qismində Milli Depozit Mərkəzi tərəfindən həyata keçirilir. Beləliklə, mütərəqqi təcrübə əsasında hazırlanmış hesablaşma agenti modeli aktivlərin əvvəlcədən bloklaşdırılması zərurətinin aradan qaldırılması, zəmanət mexanizmlərinin təkmilləşdirilməsi, pul hesablaşmaları üzrə real ödənişə qarşı çatdırılma mexanizminin tətbiqi kimi üstünlüklərə malik olaraq bankların kapital bazarına cəlb edilməsinə, investisiya şirkətləri üçün yeni maliyyə imkanlarının yaradılmasına xidmət edir.

Bundan başqa, hesablaşma rejimlərinin optimallaşdırılması məqsədilə yeni modelin tətbiqi səhmlər və dövlət istiqrazları ilə yanaşı, korporativ istiqrazların da təkrar bazar əqdləri üzrə hesablaşmaların "T+0" rejimindən "T+1" rejiminə keçidini mümkün edir. Bu, öz növbəsində, xarici investorların yerli bazara cəlb olunması, onların bazarda iştirakının təşviqi, eləcə də yerli investorların investisiya imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, modelin tətbiq edilməsinə dair "Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş" 2019-cu il mayın 27-də Milli Depozit Mərkəzi, Azərbaycan Mərkəzi Bankı, "Azər Türk Bank" ASC, "PAŞA Bank" ASC, "Xalq Bank" ASC, "Yapı Kredi Bank Azərbaycan" QSC və hazırda bazarda fəaliyyət göstərən 8 investisiya şirkəti arasında imzalanıb.