Bu il sosial sahədə aparılan islahatlar əvvəlki illərdəkindən xeyli fərqlənir. İlin əvvəlindən həyata keçirilməyə başlanılan birinci sosial islahatlar paketi 3 milyon vətəndaşı əhatə etdi. İlin ortalarında dövlət başçısının imzaladığı sərəncama əsasən ikinci sosial paket daha geniş əhali təbəqəsini əhatə edir və növbəti mərhələdə 1 milyon 350 min vətəndaşın əməkhaqqında artım baş verəcək. Aparılan həmin dayanıqlı islahatlar, şübhəsiz ki, əhalinin gəlirlərinə və iqtisadi fəallığının artmasına səbəb olacaq.
Bu barədə iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirə barədə danışarkən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov məlumat verib. Nazir müavini budəfəki sosial paketə 300 min əlil, 500 min məcburi köçkün, 100 min tələbə və gəncin daxil olduğunu da qeyd edib.
Özünüməşğulluq proqramından danışan nazir müavini bildirib ki, bu yeni proqramın vacib xüsusiyyətlərindən biri onun əsasən regionlarda yaşayan əhaliyə ünvanlanmasından ibarətdir. Onun dediyinə görə, bu illər ərzində dövlət başçısı tərəfindən bu proqramın icrasına 56 milyon manat ayrılıb: "Artıq həmin proqram uğurlu nəticələr verir. Onun genişləndirilməsi üçün Dünya Bankı və BMT-nin İnkişaf Proqramı ilə danışıqlar aparılır. Artıq mütəxəssislər arasında müzakirələr gedir və ilin ikinci yarısında yekun sənədlər imzalanacaq. Güman edirik ki, bu ilin axırlarına qədər 10 min nəfər həmin proqramdan bəhrələnə biləcək. Bu il ərzində həmin proqramla əlaqədar rekord sayda – 45 min müraciət edilib. İndiyədək proqramda iştirak etmək üçün 4 min nəfərə təlimlər keçilib, 1000 nəfər aktivlərlə təmin olunub və getdikcə onun genişlənəcəyi gözlənilir.
Proqramın digər bir xüsusiyyəti də onun aktiv məşğulluq tədbirlərinə keçid rolu oynamasıdır. Ölkəmizdə bir tərəfdən həssas təbəqələrə göstərilən ünvanlı sosial yardımın dərəcəsi genişləndirilib, digər tərəfdən özünüməşğulluq proqramının genişləndirilməsi əhalinin məşğulluq proqramına daha fəal keçməsini təmin edəcəkdir. Əlbəttə, bu da özünəməxsus bir startap formasıdır və yaxın gələcəkdə, daha dəqiq desək 2030-cu ilə qədər həmin proqramın miqyası daha da genişləndiriləcək". "Uğur uğur gətirər", - deyən nazir müavini qeyd edib ki, bu proqram uğur qazandıqca digər əməkdaşlıq proqramı olan ABAD-la da əməkdaşlıq üçün zəmin yaranır və həmin proqramın da genişlənməsinə səbəb olacaq.
A.Kərimov daha sonra deyib: "Hər bir islahatın vacib meyarlarından biri də onun hansı institutlar vasitəsilə həyata keçirilməsidir. Bir məsələni də qeyd etmək lazımdır ki, həmin islahatların həyata keçirilməsi üçün 190-a yaxın qanunvericilik təşəbbüsü göstərilib və onlardan 40-ı sosialyönümlüdür. Dövlət başçısı müasir texnologiya və innnovasiyalara daha çox üstünlük verməyi qarşıya məqsəd qoyub. İlin axırınadək əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin ödənilməsinə xidmət edən yeni "DOST" mərkəzlərinin açılışının şahidi olacağıq. Məlum olduğu kimi, bu ilin mayında açılan ilk "DOST" Mərkəzində 22 mindən çox müraciət qeydə alınıb və onun xidməti vətəndaşlar arasında böyük məmnunluq doğurur.
Bu il ərzində 13 min ölkə vətəndaşı heç bir quruma üz tutmadan və heç bir sənəd təqdim etmədən pensiya ilə təmin olunub. İlin axırına kimi təqribən 25 min vətəndaş bundan bəhrələnəcək. Həmçinin ilin sonunadək müavinət və təqaüdlərin ödənilməsinin də bu tərzdə aparılacağı nəzərdə tutulub və bundan təxminən 200 min ölkə vətəndaşı istifadə edəcək.
Dövlət başçısının üç tapşırığını xüsusi qeyd etmək istərdim. Bu, ilk növbədə, əhalinin gəlirlərinin artırılması və onun diqqət mərkəzində saxlanılmasıdır. Əlbəttə, bu, çox mühüm məsələdir və son islahatlar paketi nəticəsində minimum pensiya və əməkhaqqına görə MDB-də ön sıralara çıxmışıq və həmin mövqeni qorumağa çalışacağıq. İkincisi, sosial xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmin edilməsidir. "DOST" mərkəzlərinin əhatə dairəsinin genişləndirilməsi əhaliyə göstərilən xidmətlərin sürət, operativlik və əhatəlilik baxımından yüksəlməsinə səbəb olacaq. Üçüncüsü isə məşğulluq tədbirlərinə xüsusi əhəmiyyət verilməsidir və özünüməşğulluq proqramı getdikcə genişləndiriləcək. Bir statistikanı qeyd etmək lazımdır ki, özəl sektorda bağlanılan əmək müqavilələrinin sayı bu ilin altı ayı ərzində 14 faiz artıb və bu, 78 min əmək müqaviləsi deməkdir. Eyni zamanda, özəl sektorda əməkhaqqı fondu 23 faiz artıb və əhali üçün iş yerlərinin yaradılması əsas hədəflərdən biri olacaqdır".