Dövlət Neft Fondu daha çox Avropa ölkələrinə investisiya yatırıb

2019.08.02 11:25 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin iyunun 30-na investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Avropa ölkələri 37,48 faiz təşkil edib. "APA-Economics"in ARDNF-nin 2019-cu ilin birinci yarısının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Asiya-Sakit Okean regionunun payı 32,97 faiz, Şimali Amerika 19,93 faiz, Avstraliya-Yeni Zelandiya 2,2 faiz, Yaxın Şərq 0,71 faiz, Cənubi Amerika 0,07 faiz, beynəlxalq maliyyə təşkilatlarının payı isə 6,64 faiz təşkil edib.

Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə inkişaf etmiş ölkələrin payı 63,25 faiz, inkişaf etməkdə olan ölkələrin payı 30,11 faiz, beynəlxalq maliyyə təşkilatlarının payı isə 6,64 faiz olub. Bundan başqa, hesabat dövründə ARDNF-nin investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətləri 71,1 faiz, səhmlər 13,3 faiz, daşınmaz əmlak 5,3 faiz, qızıl isə 10,3 faiz təşkil edib.

Qeyd edək ki, ARDNF-nin cəmi investisiya portfeli 42.463,45 mln. manata çatıb.