Bank sektorunun kapital adekvatlığının baza ssenari üzrə 20,3 faizə çatması gözlənilir

2025.04.15 18:26 (UTC+04:00)

2025-ci ildə Azərbaycanda bank sektorunun kapital adekvatlığının baza ssenari üzrə 20,3 faizə çatması gözlənilir. 2026-cı ildə isə bu göstərici 22,9 faizə çata bilər. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi Hesabatı"nda bildirilir.

Pessimist ssenaridə isə bank sektorunun kapital adekvatlılığı əmsalı 2025-ci və 2026-cı illərdə müvafiq olaraq 1,7 faiz bəndi və 0,9 faiz bəndi azalaraq 15,6 faiz və 14,7 faiz təşkil edəcək. Hesabata əsasən, stres-testlər nəticəsində bank sektoru müəyyən həddə kapital eroziyasına məruz qalsa da sektorun kapital adekvatlığı minimum normativləri üstələyir.

Stres-test nəticələrinə əsasən, bankların kapital adekvatlılığına əsas təsir kanallarını kredit riski və risk üzrə ölçülmüş aktivlərin artması təşkil edib. Hesabatda göstərilib ki, 2025-ci ildə kredit riski kanalı 2,7 faiz bəndi, risk üzrə ölçülmüş aktivlər isə 1,5 faiz bəndi kapital adekvatlığına azaldıcı təsir göstərib.