Azərbaycan Dövlət Neft Fondu I yarımildə dövlət büdcəsinə 4.413 milyon manat vəsait transfert edib

2019.08.02 10:39 (UTC+04:00)

Qurumdan "Report"a verilən məlumata görə, yanvar-iyun aylarında ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8.557,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından gəlirləri 7.780,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, akrhesabı ödənişlər isə 1,1 milyon manat olub. Bundan başqa, Fond vəsaitinin idarə olunmasından 2.141,2 milyon manat gəlir əldə edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri isə 513,1 milyon manat təşkil edib.

Birinci yarımildə ARDNF dövlət büdcəsinə 4.413 milyon manat vəsait transfert edib. Bundan başqa, Fond qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması, sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 74,9 milyon manat vəsait ayırıb. Yanvar-iyun aylarında qurumun idarə edilməsi ilə bağlı xərcləri 11,5 milyon manat təşkil edib. Bu ilin 6 ayı ərzində ARDNF-nin aktivləri 10,25 faiz artaraq 42.463,7 milyon ABŞ dolları təşkil edib. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm altportfelində müşahidə olunub.