Venesiyanı bir günlüyə görmək istəyənlər 10 avro vergi ödəməli olacaqlar

2019.01.04 11:08 (UTC+04:00)

İtaliya hökumətinin 2019-cu il üçün qəbul etdiyi büdcədə turist gəmiləri ilə şəhərə bir günlük gələnlərə vergi tətbiq olunması ilə bağlı ayrıca maddə daxil edilmişdir. Verginin adambaşına 2,50-5 avro arasında dəyişməsi, yay fəslində - turizmin qaynar vaxtında isə 10 avroya qaldırılması gözlənilir. Venesiya bu verginin tətbiqinə 2019-cu ildə turizm sektorunda canlanma yaranan zaman başlamağı planlaşdırır. Hər il Venesiyaya yüzlələ turist gəmisi ilə bir milyondan artıq turist gəlir. İlkin hesablamalara görə, yeni vergi sayəsində şəhər büdcəsinə əlavə 50 milyon avroya yaxın vəsait daxil olacaq. Venesiyanın bələdiyyə sədri Luigi Bruqnaro bu vəsaitin şəhərin təmiz saxlanılmasına yönəldiləcəyini bildirmişdir. Şəhərə gəmi ilə gələn turistləri müəyyənləşdirmək asan olsa da, hava, avtomobil və dəmir yolu ilə gələn turistlərin müəyyənləşdirilməsinin çətin olacağı bildirilir.

Qeyd edək ki, Venesiyada turistlərdən oteldə qalmaq üçün də ayrıca vergi tutulur.