Rusiya Prezidenti Valadimir Putin mədəniyyət, təhsil və səhiyyə sahələrində vergi güzəştlərinin tətbiq edilməsi barədə qanunun qəbul edilməsi ilə bağlı sərəncam imzalayıb. Yeni qanun regional və bələdiyyə muzeylərinin, teatrların, eləcə də kitabxanaların əldə etdikləri mənfəət üçün, bir sıra tələblərin nəzərə alınması şərtilə, sıfır vergi dərəcəsi müəyyənləşdirir. Güzəştdən faydalanmaq üçün bu müəssisələrin fəaliyyəti Rusiya Federasiyası hökuməti tərəfindən müəyyənləşdirilmiş fəaliyyət növlərinin siyahısına uyğun olmalı, gəlirləri isə mənfəət vergisi üzrə vergi bazasının müəyyənləşdirilməsində nəzərə alınan mənfəətlərin ümumi məbləğinin 90 faizindən az olmamalıdır.
Bundan əlavə, səhiyyə və təhsil qurumları, eləcə də vətəndaşlara sosial xidmətlər göstərən müəssisələr üçün mənfəət vergisinin qüvvədə olma müddəti üzərindən məhdudiyyət götürülüb. Vergi Məcəlləsinə əsasən, bu güzəşt 2020-ci il yanvarın 1-dək qüvvədə idi. Satılan mənzil onu satan vətəndaşın yeganə mənzili olduğu halda, həmin vətəndaşın mənzilin satışından fiziki şəxsin gəlir vergisindən azad olması üçün müddət isə beş ildən üç ilə endirilib.