Azərbaycan qazı Avropanın bir addımlığında

2019.08.01 12:20 (UTC+04:00)

Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi 6,7 mlrd. ABŞ dollarına başa gəlib. Bu barədə "APA-Economics"ə SOCAR-dan bildirilib. Məlumata əsasən, ilkin investisiya dəyəri 11,7 mlrd. dollar olan TANAP layihəsinin tikintisi zamanı 5 mlrd. dollara yaxın vəsaitə qənaət edərək, SOCAR və tərəfdaşları birlikdə layihənin ümumi xərclərini 40 faiz azaltmağa nail olub.

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik Boru Kəmərinin (TAP) inşasında 88,5 faiz işlər yekunlaşıb. "Layihə üzrə işlər qrafikə uyğun olaraq davam etdirilir", - deyə məlumatda qeyd edilir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Bu gün TANAP artıq Avropaya təbii qazın ötürülməsi üçün tam hazır vəziyyətdədir.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında TANAP vasitəsilə Türkiyəyə 953,3 mln. kubmetr Azərbaycan qazı nəql edilib. İstifadəyə veriləndən bu ilin iyun ayının 1-dək TANAP-la 2.257,3 mln. kubmetr qaz nəql edilib. Proqnoza əsasən, cari ilin sonunadək kəmərlə Türkiyəyə (kəmər istifadəyə veriləndən) 3 mlrd. kubmetr qaz nəql etmək planlaşdırılır.