Əlil qadınlar və Qarabağ müharibəsi veteranlarına sosial dəstək

2019.08.01 11:59 (UTC+04:00)

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə Azərbaycan hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə "Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi" layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Salyan və Masallı rayonlarında həmin rayonların icra hakimiyyətlərinin dəstəyi ilə bələdiyyə və ərazi nümayəndələri ilə görüş keçirilib. İlk növbədə layihənin məqsədi və fəaliyyət istiqamətləri təqdim edilib. Qeyd olunub ki, "Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi" layihəsi qeyd edilən şəxslərin müdafiəsi və rifahı ilə bağlı hüquqlarının təmin olunması, onların cəmiyyətə inteqrasiyasının təşviq edilməsi istiqamətində aparılan işlərə dəstək məqsədi daşıyır.