Ölkədə sabit iqtisadi artıma, qeyri-neft-qaz sektorunun davamlı inkişafına nail olunub.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanın dayanıqlı inkişafını və regionda iqtisadi güc mərkəzinə çevrilməsini təmin edib. Ali Baş Komandanın strateq məharəti, Şanlı Ordumuzun şücaəti ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib Azərbaycan yeni dövrdə davamlı sabitlik və tərəqqi yolunda inamla irəliləyir. Çevik iqtisadi yanaşmalar, qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsi, əlverişli biznes və investisiya mühiti və s. faktorlar ildən-ilə ölkəmizin iqtisadi uğurlarının artmasını təmin edir. Azərbaycan dünyada güclü iqtisadi potensialı olan nüfuzlu dövlət və etibarlı tərəfdaş kimi tanınmaqdadır. Ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşan beynəlxalq və regional layihələr milli maraqlarımızın qorunması əsasında gerçəkliyə çevrilir. Qalib ölkə kimi arxada qoyduğumuz hər il qeyri-neft sektorunda önəmli irəliləyişlər, işğaldan azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası, enerji istiqaməti üzrə beynəlxalq mövqeyin güclənməsi və yaşıl iqtisadiyyatın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlərlə xarakterizə oluna bilər. Bütün bunlar isə Azərbaycanın milli iqtisadi inkişaf modelinin özünü doğrultduğunu bir daha sübut edir. Bu inkişaf modelində əsas diqqət Azərbaycan vətəndaşının rifahına və təhlükəsiz gələcəyinə yönəlib.
Uğurlu sosial-iqtisadi inkişaf göstəriciləri
Aparılan sosial-iqtisadi islahatlar, müxtəlif sferalarda köklü dəyişikliklər, şəffaflığın artırılması və s. mühüm amillər inklüziv sosial-iqtisadi inkişafda həlledici önəm kəsb edir. Dövlət ölkənin iqtisadi imkanlarının sosial sferada ədalətli təcəssümü, vətəndaş məmnunluğunun daim yüksəldilməsi üçün bütün məqamlardan maksimum yararlanır. Ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən siyasətdə Azərbaycan insanının yüksək rifahının təmin olunması, həyat keyfiyyətinin artırılması tədbirləri yeni uğurlarla davam etdirilir. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial layihələr isə on minlərlə vətəndaşın rifahının yaxşılaşmasına mühüm töhfədir.
Sosial-iqtisadi sahədə əldə edilən uğurları konkret göstərici və rəqəmlərlə ifadə edək.
2024-cü ildə əvvəlki illə müqayisədə ÜDM-in real həcmi 4,1% artıb. Bu isə Beynəlxalq Valyuta Fondunun 2024-cü ildə dünya iqtisadiyyatı üzrə gözlənilən artım tempindən 1% bəndi çoxdur.
Son 5 ildə qeyri-neft-qaz sektoru real olaraq 25%, qeyri-neft-qaz sənayesi isə 1,6 dəfə artıb. Qeyri-neft-qaz sektorunun ÜDM-də xüsusi çəkisi 60%-dən çox olub. 2024-cü ildə sənaye zonalarında istehsal olunan qeyri-neft-qaz sənaye məhsullarının cəmi qeyri-neft-qaz sənaye buraxılışında xüsusi çəkisi 2019-cu illə müqayisədə 8,9% bəndi artaraq 17,6% olub.
2024-cü ilin sonuna ölkənin strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 3,7% artaraq 71 mlrd. ABŞ dollarına çatıb ki, bu da ÜDM-in 95,5%-ə bərabərdir və müvafiq qızıl idxalı istisna olmaqla, idxalın həcmini 4,0 dəfə üstələyir.

Qeyri-neft-qaz sektorunda davamlı inkişaf, əldə olunan nəticələr
Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən qeyri-neft-qaz sektorunun inkişafı strategiyasının əsas məqsədi iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın minimuma endirilməsi, inkişafın davamlılığının təmin edilməsidir. Bu sahədə əldə olunan nəticələrə diqqət edək.
2024-cü ildə qeyri-neft-qaz sektorunun ixracı əvvəlki illə müqayisədə 0,3% artaraq 3 356,5 mln. ABŞ dolları olub. Ötən il qeyri-neft-qaz sektorunun ixracında sənaye məhsullarının payı (kənd təsərrüfatı məhsullarının emalı daxil olmaqla) 72,1% təşkil edib. 2024-cü ildə əvvəlki illə müqayisədə kənd təsərrüfatı və emalı məhsullarının ixracı 16,2% və ya 184,7 milyon ABŞ dolları artaraq 1,3 milyard ABŞ dollarına çatıb. Xarici ticarət saldosu müsbət 5,5 milyard ABŞ dolları, müvafiq qızıl idxalı istisna olmaqla isə 8,8 milyard ABŞ dolları olub.

Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişafı dayanıqlı iqtisadi artımda önəmli faktordur. Bu baxımdan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Bu istiqamətdə mühüm tədbirlər icra edilir, yeni istehsal müəssisələri və iş yerləri yaradılır, sənayenin yeni üsul və texnologiyalarla inkişafına, əhalinin məşğulluq səviyyəsinin və rifahının yüksəldilməsinə əhəmiyyətli töhfələr verilir.
Dövlət başçısının təşəbbüsü ilə yaradılmış sənaye zonaları yeni dövrdə sənayenin inkişafında mühüm rol oynayır. Sənaye zonalarına daxil olan sənaye parkları və məhəllələri, eləcə də aqroparklar kimi səmərəli mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin artırılmasına yeni imkanlar açır. Ölkədə 9 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Pirallahı, Hacıqabul, Mingəçevir, Naxçıvan, Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları, 4 sənaye məhəlləsi - Neftçala, Masallı, Sabirabad və Şərur sənaye məhəllələri, həmçinin qeydiyyata alınmış 24 aqropark mövcuddur.
Sənaye parklarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər indiyədək 505 milyon manatdan çox, 2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki sənaye parklarında əlavə - kommunal xidmətlər üzrə, məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması, kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin müəyyən edilmiş bir sıra iqtisadi fəaliyyət sahələri üzrə xammal və materialların idxalının əlavə dəyər vergisi və gömrük rüsumundan azad olunması ilə bağlı güzəştlər tətbiq edilir.
Sənaye zonalarına indiyədək yatırılan ümumi investisiyanın həcmi 6,9 milyard manat təşkil edib. Hazırda bu zonalarda 84 müəssisə fəaliyyətə başlayıb və 11000-ə yaxın yeni iş yeri yaradılıb.

2015-ci ildən 1 yanvar 2025-ci il tarixinə kimi sənaye zonalarında istehsal olunan 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib. 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 1,07 milyard manatlıq hissəsi ixracın payına düşür. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir.

2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6%, qeyri-neft sənayesi məhsullarının ixracında isə 26% təşkil edib.
Uğurlu müqavilə-hüquq bazası beynəlxalq iqtisadi əməkdaşlıqda önəmli amillərdəndir. Hazırda Azərbaycanın 10 ölkə ilə sərbəst ticarət sazişləri qüvvədədir. Müəyyən məhsullar üzrə Türkiyə bazarlarına güzəştli şərtlərlə giriş imkanı verən qardaş ölkə ilə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilib və Azərbaycan mənşəli 15 adda yeni məhsulun Türkiyəyə ixracına gömrük rüsumu güzəştləri əldə edilib.
Bu istiqamətdə aparılan işlərin davamı olaraq, ötən ilin iyulunda Pakistan Hökuməti ilə də Preferensial Ticarət Sazişi imzalanıb.
Hazırda Birləşmiş Ərəb Əmirlikləri ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır. Saziş çərçivəsində qarşılıqlı ticarətdə əksər məhsullar üzrə preferensial rejimin tətbiqi müzakirə olunur. Bununla yanaşı, ixracın artırılması və şaxələndirilməsi məqsədilə digər ölkələrlə də preferensial və sərbəst ticarət sazişlərinin bağlanması imkanları araşdırılır.
Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və "Made in Azerbaijan" brendinin xaricdə tanıdılmasına dəstək tədbirləri də ixracın artımını stimullaşdırır. Hazırda xarici ölkələrdə Azərbaycan məhsullarının təqdim olunduğu 12 ticarət evimiz, eləcə də 5 ticarət nümayəndəliyimiz fəaliyyət göstərir.
“Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizm mövcuddur. Bu mexanizmlərin siyahısına ixrac və alıcı missiyalarının təşkili, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak, bazar araşdırmalarının aparılması, həmçinin sahibkarlara beynəlxalq sertifikatların alınmasına köməklik göstərilməsi, tədqiqat-inkişaf proqramlarının icrası və s. daxildir.
Ötən il ixracatçılarımız ümumilikdə 10 beynəlxalq sərgidə iştirak ediblər. Sərgilərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 70-ə yaxın yerli şirkət təmsil olunub və ixrac əməliyyatları üzrə dəyəri 18 mln. ABŞ dollarınadək müqavilələr imzalanıb.
Strateji layihələr. Dünya və regionda bir sıra mühüm enerji və nəqliyyat dəhlizlərinin təşəbbüsçüsü və iştirakçısı olan Azərbaycanda digər mühüm layihə Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Liman tranzit potensialının artırılması baxımından böyük önəm kəsb edir. Ələt azad iqtisadi zonası isə yerli və xarici investorları cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmət istehsalını təşkil edəcək, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, yükdaşımaları artıracaq.
İqtisadiyyatda və əmək bazarında şəffaflaşmanın artım və inkişafa önəmli təsirləri
Dövlət iqtisadiyyatın şəffaflaşması, sahibkarlığın güclənməsi və dayanıqlı gəlirlər sisteminin formalaşması ilə iqtisadiyyatın böyüməsində maraqlıdır. Son illərdə aparılan vergi siyasəti iqtisadi tənzimləmənin başlıca alətlərindən biri olaraq iqtisadiyyatda müsbət dəyişikliklərə, “kölgə” iqtisadiyyatını ağartmağa yönəlib. Mikro sahibkarlıq kiçik biznesə, kiçik sahibkarlıq isə orta biznesə çevrilərsə, iqtisadiyyatda keyfiyyət dəyişiklikləri daha da arta bilər. İnvestisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı vergi siyasətinin tətbiqi, həmçinin “kölgə” iqtisadiyyatının miqyasının kiçildilməsi məqsədilə vergidə rəqəmsallaşmanın genişləndirilməsi önəmlidir. Bu istiqamətdə nəticəyönümlü işlər davam etdirilir. 2024-cü ilin daxilolmaları üzrə dinamikaya nəzər salanda, xüsusilə qeyri-neft-qaz sektorunda mühüm artım müşahidə olunur.
2024-cü ildə bu rəqəm 11 milyard manatdan çox olub və bu sektor üzrə vergi daxilolmalarının artım dinamikası əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,6% təşkil edir. Qeyri-neft-qaz sektoru üzrə daxilolmaların cəmi vergi daxilolmalarında xüsusi çəkisi 69,8% təşkil edib və əvvəlki illə müqayisədə təxminən 9%-dən çox artım müşahidə olunub. 2024-cü ildə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının büdcənin qeyri-neft gəlirlərində payı 57,4% təşkil edib.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının nominal artım tempi (13,6%) sektorda ÜDM-in nominal artım tempini (10,4%) 3,2% bəndi üstələyir ki, bu da şəffaflaşma amilinin təsirinin nəticəsidir.
Vergi ödəyicilərinin aktivliyi mühüm şəffaflaşma indikatorudur. Son 5 ildə aktiv vergi ödəyiciləri və aktiv obyektlərin artımı davam edib. Aktiv vergi ödəyicilərinin sayı 1 yanvar 2025-ci il tarixinə 806,9 min, aktiv ƏDV ödəyicilərinin sayı 52,8 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 217,4 min təşkil edib. Vergi islahatlarının başlandığı 1 yanvar 2019-cu ildən bəri təkcə aktiv vergi ödəyicilərinin sayında 1,8 dəfə artım müşahidə olunub.

İlin nəticələrinə görə, dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz gəlirləri 51,6% təşkil etməklə artıq neft-qaz gəlirlərini üstələyib.

2019-cu ildən əmək münasibətlərinin leqallaşması istiqamətində ciddi irəliləyişlərə nail olunub. Qeyri-neft sektorunun özəl bölməsində 8000 manatadək əməkhaqqı gəlirlərinin vergidən azad olması nəticəsində əməkhaqqı üzrə vergi yükü əhəmiyyətli dərəcədə azalmaqla, əmək münasibətlərini rəsmiləşdirmə və əməkhaqqı məbləğlərini dürüstləşdirmə istiqamətində biznesin motivasiyası artırılıb. Bütövlükdə islahatın başladığı tarixdən sonra rəsmi əmək münasibətlərinin sayında 33,6% artım müşahidə olunub. Bu isə 470,9 min yeni əmək müqaviləsi deməkdir. Əmək münasibətləri sistemində ciddi “ağarma”ya nail olunub – 2019-cu ilin əvvəlindən son tarixədək əmək müqavilələrinin sayı qeyri-neft sektoru üzrə özəl sektorda 443,3 minədək artıb ki, nəticədə özəl sektorun cəmi əmək müqavilələrində payı (52,5%) dövlət sektorunu üstələyib.

Vergi islahatları nəticəsində qeyri-neft üzrə özəl sektorda əmək müqavilələrinin artımı 82,1% təşkil edir. Bu, çox ciddi nəticədir və əmək bazarının əhəmiyyətli leqallaşmasını ifadə edir. Əməkhaqqı fondunda da artım müşahidə olunur. Biz 2018-ci ilin faktiki göstəricisini 2024-cü ilin nəticələri ilə müqayisə etsək, əməkhaqqı fondunun 2,5 dəfə artdığını görmək olar. Buna müvafiq olaraq, məcburi dövlət sosial sığortası üzrə yığımların həcmi də 2,5 dəfə yüksəlib.
Azərbaycanın əmək bazarında apardığı islahatlar dünya mütəxəssislərinin diqqətini cəlb edir. Vergi sistemində 2019-cu ildə başlanmış və əmək bazarında təşviq mexanizminə əsaslanan islahatların nəticələri Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib. Universitetin "Growth Lab" Mərkəzi Azərbaycan iqtisadiyyatı üzrə diaqnostik qiymətləndirmə layihəsi çərçivəsində əmək bazarında həyata keçirilən islahatların nəticələrini təhlil edib və bu məsələdə Azərbaycanın uğur hekayəsini müsbət nümunə kimi göstərib. Ekspertlərin fikrincə, əmək bazarında təşviq siyasətinə əsaslanan islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub.
Azad edilmiş ərazilərin reinteqrasiyası iqtisadi artıma əlavə imkanlar açıb
Azad edilmiş torpaqlarımızın reinteqrasiyası ölkənin iqtisadi potensialının artmasına, dayanıqlı inkişafa geniş imkanlar vəd edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Bu istiqamətdə investisiya cəlbi ilə biznes fəaliyyətinin genişləndirilməsi, məhsuldar ərzaq istehsalına əsaslanan dayanıqlı təcrübələrin tətbiqi, turizmin təşviqi və digər tədbirlər gerçəkləşdirilir. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri xüsusi qeyd edilməlidir. Bölgədə fəaliyyət göstərən müəssisələr üçün əlverişli investisiya mühiti yaradılıb. Burada istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad edilib. Regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət (gəlir), torpaq, əmlak və sadələşdirilmiş vergidən də azad olunub.
Sahibkarlığın İnkişafı Fondu (SİF) “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində sahibkarlıq subyektlərini banklardan əldə etdikləri kreditlər üzrə zəmanət və subsidiya ilə təmin edir.
Qarabağ və Şərqi Zəngəzurun zəngin təbii ehtiyatları mədənçıxarma, kənd təsərrüfatı, yaşıl enerji və s. sahələrin inkişafı üçün böyük potensiala malikdir. Bölgədə biznes üçün güzəşt və azadolmalar, həmçinin güzəştli kredit, kredit-zəmanət və subsidiya mexanizmləri, digər dəstək tədbirləri tətbiq edilir. Eyni zamanda, bölgədə rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalı, investorlar üçün əlverişli biznes mühitinin təmin edilməsi məqsədilə yaradılmış Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları bölgənin sənayeləşməsində mühüm faktora çevrilməkdədir. Ağdam Sənaye Parkı yaradıldığı qısa müddət ərzində rezident sayına görə ölkəmizdəki sənaye parkları arasında ikinci yerə yüksəlib. Sənaye parkında 29 rezident, 4 qeyri-rezident fəaliyyət göstərir. Sənaye parkının 70%-ə yaxın hissəsi sahibkarların istifadəsinə verilib. Sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 107 milyon manat investisiya yatırılıb, 450-dən çox daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, ixrac edilir. Sənaye parkında indiyədək sahibkarlar tərəfindən 22,3 milyon manatlıq məhsul satışı həyata keçirilib. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub. Bu sənaye parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir. Sənaye parkının investisiya portfeli 130 milyon manatdan çox olan 16 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 18 sahibkarlıq subyekti tərəfindən sənaye parkında 1800-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Parkın artıq 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. İndiyədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın iş yeri yaradılıb. Parkda 1 müəssisə fəaliyyət göstərir, 6 müəssisənin isə tikintisi aparılır.
01.12.2024-cü il tarixinə işğaldan azad edilmiş ərazilərdə mövcud olan sənaye parklarının rezindentlərinə idxal olunan texnika, texnoloji avadanlıqlar, eləcə də xammala görə 82 təsdiqedici sənəd verilib ki, bu sənədlər əsasında müəssisələr tərəfindən təqribən 5,6 milyon manat dəyərində vergi və rüsumlardan azadolma tətbiq olunub.
Sosial-iqtisadi münasibətləri daha səmərəli etmək, sakinlərin xidmət və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün dövlət başçısının təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası həyata keçirilməkdədir. İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində Zəngilan rayonunda Prezident İlham Əliyev tərəfindən qoyulub, kənd hazırda məskunlaşıb. Həmçinin dövlət başçısı tərəfindən 2021-ci ilin oktyabr ayında ikinci “Ağıllı kənd” konsepsiyası əsasında Füzuli rayonunda bir neçə kəndi birləşdirən Dövlətyarlı kəndinin təməli qoyulub. Kənddə yaşıl və alternativ enerjidən istifadə, "ağıllı idarəetmə" sistemi tətbiq ediləcək və “Ağıllı kənd” təsərrüfatı sahəsi fəaliyyət göstərəcək.
Yerli sahibkarlar və xarici investorlar üçün yaradılan dövlət dəstəyi mexanizmləri
İstehsalın, qeyri-neft ixracının, məşğulluğun artırılması və digər önəmli məsələlərdə özəl sektor həlledici rol oynayır. Ölkəmizdə sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ötən dövr ərzində ölkədə biznes fəaliyyəti geniş miqyas alıb. Azərbaycanın iş adamları azad edilmiş ərazilərimizdə, xarici ölkələrdə həyata keçirilən layihələrdə fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəfdaş kimi tanınırlar.
Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6%-i kiçik və orta sahibkarlıq (KOB) subyektləridir. Özəl sektorun, xüsusilə KOB-ların iqtisadiyyatda rolunun, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına, satış bazarlarına çıxışının genişləndirilməsi istiqamətində müxtəlif dəstək mexanizmləri həyata keçirilir. 50-dən çox şəhər və rayonda sahibkarlara yerində xidmət göstərən “KOB dostu” ofisləri, biznes biliklərini artıran KOB inkişaf mərkəzləri (KOBİM-lər) və sahibkarlara vahid məkanda xidmət göstərən KOB evlərinin fəaliyyəti biznesin işini asanlaşdırır. 50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlara 400-dən çox G2B və B2B xidmətin təqdim edildiyi KOB evlərində təkcə 2024-cü ildə 456 minə yaxın xidmət göstərilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ötən il Azərbaycanın KOB evi modelini qabaqcıl innovativ təcrübə kimi təqdim edib. KOB evlərinin ölkənin digər iri şəhər və rayonlarında da yaradılması istiqamətində işlər davam etdirilir. Ötən il sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə KOBİM-lərin ödənişsiz təlim və məsləhət xidmətlərindən 13 minə yaxın KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb. Kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 1100-dən çox biznes planın ödənişsiz hazırlanmasına dəstək göstərilib. 40-dan çox sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib. 2024-cü ildə dövlət-universitet-özəl sektor əməkdaşlığı çərçivəsində KOB Model Müəssisə yaradılıb. Model müəssisədə sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün təlimlər keçirilir.
Milli iqtisadiyyatın inkişafı üçün əsas vasitələrdən biri də investisiya təşviqi mexanizmidir. Mexanizm investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması və regional inkişafın dəstəklənməsi məqsədilə tətbiq olunur. 2016-cı ildən başlayaraq 502 sahibkarlıq subyektinə 603 investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 7,3 milyard manatadək investisiyanın yatırılması, 43 mindən çox iş yerinin açılması nəzərdə tutulur. Artıq investisiya təşviqi sənədi verilmiş 500-dək layihə fəaliyyətə başlayıb, digər layihələrin qurulması üzrə işlər davam etdirilir. Eyni zamanda, 2,2 milyard manat dəyərində texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 6100-dən çox təsdiqedici sənəd verilib, sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 531 milyon manata yaxın məbləğdə güzəşt əldə olunub.
İnnovativ layihələrin dəstəklənməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro və kiçik sahibkarlara “Startap” şəhadətnaməsi verilir. İndiyədək mikro və kiçik sahibkarlara 192 “Startap” şəhadətnaməsi verilib.
Yeni biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinin risklərinin sığortalanması baxımından daxili bazar araşdırması əhəmiyyətlidir. İndiyədək isə 60-dan çox daxili bazar araşdırması aparılıb.
Bundan başqa, KOBİA sahibkarların ödənişsiz olaraq ölkəmizdə və xaricdə keçirilən ixtisaslaşmış sərgi və yarmarkalarda iştirakına, ticarət şəbəkələrinə çıxışına dəstək göstərir.
2024-cü ildə ilk KOB klaster şirkəti dövlət qeydiyyatına alınıb və bu şirkətə müxtəlif vergi güzəştlərini nəzərdə tutan “KOB klaster şəhadətnaməsi” təqdim olunub. KOB klaster şirkəti Quba rayonunun ərazisində alkoqolsuz içkilərin istehsalında istifadə ediləcək təbii meyvə konsentratı istehsal edəcək. 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılan zavodda illik 4 min ton alma konsentratı istehsal edilməsi nəzərdə tutulur. KOB klaster şirkətinin fəaliyyəti üçün 15 milyon manat investisiya yatırılacağı və layihə çərçivəsində ilkin mərhələdə 30 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.
Özəl sektorun inkişafı məqsədilə dövlət tərəfindən tətbiq edilən dəstək mexanizmlərindən biri də Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən sahibkarlara verilən güzəştli kreditlərdir. Ötən il SİF tərəfindən güzəştli kredit alan sahibkarlıq subyektlərinin sayı əvvəlki illə müqayisədə 74,7% artaraq 5722-yə çatıb. Maliyyələşdirilən layihələrin böyük əksəriyyəti - 94,7%-i regionların payına düşür.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar həmçinin zəmanət-subsidiya mexanizmindən faydalanırlar. Bu mexanizm Qarabağ və Şərqi Zəngəzurda sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrində müxtəlif layihələrin reallaşdırılmasını təşviq edib.
Son 5 ildə SİF tərəfindən verilmiş güzəştli kreditlərin həcmində mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı artıb. 2020-ci ildə verilmiş kredit məbləğinin 86%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşdüyü halda, 2024-cü il ərzində bu göstərici artıq 93% təşkil edib.

2020-ci ildə güzəştli kreditlərin 54%-i regionların payına düşürdüsə, 2024-cü il ərzində maliyyələşdirilən layihələrin 72%-i regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə aiddir. Son 5 ildə SİF-in güzəştli kreditlərindən yararlanan qadın və gənc sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. 2020-ci ildə qadın sahibkarlara məxsus 75 layihəyə güzəştli kredit verildiyi halda, 2024-cü il ərzində bu say 472-yə yüksəlib. Eyni zamanda 2020-ci ildə gənc sahibkarlara məxsus 50 layihə güzəştli kreditlə təmin edilmişdisə, 2024-cü ildə 170 belə layihə SİF tərəfindən güzəştli kreditlə dəstəklənib. 2022-ci ildən etibarən yaşıl layihələr güzəştli kredit mexanizmi üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlərə daxil edilib. Artıq sahibkarlar 11 belə layihə üzrə ümumilikdə 5,2 mln. manata yaxın güzəştli kreditdən yararlanıblar.
Xarici investisiyaların cəlb olunması məqsədilə son beş ildə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) tərəfindən vəsaitlərin yatırıldığı layihələrin ümumi dəyəri 1,7 milyard manata çatıb. Bu məbləğin 292 milyon manatı bilavasitə AİŞ tərəfindən təsdiqlənmiş investisiya vəsaitidir. Bundan başqa, 476 milyon manat məbləğində birbaşa xarici investisiya cəlb edilib. AİŞ-in yatırdığı hər 1 manata görə beynəlxalq və yerli investorlardan, həmçinin maliyyə institutlarından 6,5 manat cəlb olunub. Birbaşa xarici investisiyalar çərçivəsində isə bu nisbət AİŞ-in yatırdığı hər 1 manata 1,62 manat təşkil edib. Cəlb edilmiş investisiyalar 23 layihənin həyata keçirilməsinə, o cümlədən 19 yeni istehsal müəssisəsinin tikintisinə yönəldilib. Bu təşəbbüslər ölkənin istehsal imkanlarını gücləndirməklə yanaşı, növbəti bir neçə il ərzində 2300-ə yaxın iş yerinin yaradılmasına imkan verəcək.
Lisenziyalar və icazələrin alınması sahibkarlıq fəaliyyəti üçün əsas şərtlərdəndir. Bu prosesi sadələşdirmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) sahibkarlara lisenziyaların "ASAN xidmət" mərkəzləri və "KOB evləri" vasitəsilə verilməsi davam etdirilir. Həmçinin, lisenziya və icazələr elektron qaydada "Lisenziyalar və icazələr" portalı vasitəsilə verilir. Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 30-a, icazələrin sayı 330-dan 85-ə endirilib, qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunub. Yeni verilən lisenziyalar müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılıb, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilib. Nazirlik tərəfindən 2 noyabr 2015-ci il tarixindən 31 dekabr 2024-cü il tarixinə kimi 17000-dən çox (o cümlədən 2024-cü il ərzində 2000-dən çox) lisenziya verilib.
İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 270 xidmət göstərilir ki, onların 73%-i (196 xidmət) elektronlaşdırılıb. Nazirlik tərəfindən göstərilən xidmətlərə 2024-cü il ərzində 20 milyondan artıq müraciət qeydə alınıb ki, onların 94,8%-i (19,4 milyon müraciət) elektron xidmətlərin payına düşür.
Sahibkarlıq mühitinin inkişafı üçün xarici tərəfdaşlarla reallaşdırılan birgə layihələr və dost ölkələrlə yaradılan müştərək fondlar da mühüm əhəmiyyət kəsb edir. Qırğızıstan, Özbəkistan, Qazaxıstan, BƏƏ və TDT çərçivəsində yaradılan birgə investisiya fondları ölkələrimiz arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsinə xidmət edəcəkdir.
Özəlləşdirmə ölkənin ÜDM-də özəl sektorun payının artmasında mühüm rol oynayır. Bununla yanaşı, özəlləşdirmə əhalinin məşğulluğunun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən yükün azalması baxımından önəmlidir. İndiyədək ölkədə özəlləşdirilmiş müəssisələrdə on minlərlə yeni iş yerinin yaradılması da bundan xəbər verir. Müəssisələrin özəlləşdirilməsi ilə ölkədə sərbəst rəqabət mühitinin formalaşmasına əlavə imkanlar açılıb, əvvəllər istehsal olunmayan, idxalı əvəz edən və ixracyönümlü, rəqabətqabiliyyətli məhsulların istehsalına nail olunub. Özəlləşdirmədə müxtəlif ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edib, bununla müvafiq müəssisələrə 300 milyon ABŞ dollarından artıq məbləğdə investisiyalar yatırılıb. Özəlləşdirmə prosesi çərçivəsində indiyədək 52,7 mindən artıq kiçik müəssisə və obyekt özəl mülkiyyətə keçib, orta və iri dövlət müəssisələrinin bazasında yaradılmış 1565 açıq səhmdar cəmiyyətdən 1495-i tam, 47-sinin isə nəzarət səhm zərfindən yuxarı hissəsi özəlləşdirilib.
Yeni trendlərin iqtisadi inkişafda uğurlu tətbiqi
Rəqəmsal texnologiyalar və sosial-iqtisadi inkişaf. Azərbaycan innovasiya və yeni texnologiyaların iqtisadi inkişafa uğurlu tətbiqi ilə yeni dövrün inkişaf tələblərini qarşılamaqda, dünyadakı rəqabət mühitində layiqli yer tutmaqda qərarlıdır. Bu baxımdan, rəqəmsal transformasiya inkişaf strategiyasında önəmli yer tutur. İqtisadiyyat Nazirliyinin tabeliyində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) rəqəmsal iqtisadiyyat üzrə çağırış, təşəbbüs, strategiya və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir. Bu sferada mühüm aspektlərdən biri odur ki, Azərbaycanda hazırlanan Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya biznes, cəmiyyət və dövlət aspektlərini əsas tutaraq iqtisadiyyatın bütün sahələrinin rəqəmsal transformasiyasını, bu səpkidə müxtəlif layihələri hədəfləyir.
ABŞ-nin dünyada tanınmış onlayn təhsil platforması olan “Coursera”, 4SİM və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu ilə birgə “4Sİ Akademiyası” layihəsi həyata keçirilir. Layihə uğurlu nəticələrinə görə “Coursera” tərəfindən yüksək qiymətləndirilib. “4Sİ Akademiyası” Azərbaycanda işçi qüvvəsinin dördüncü sənaye inqilabına hazırlanması, rəqəmsal savadlılıq səviyyəsinin artırılması istiqamətində önəmli addım hesab edilib. Layihə “Coursera” şirkətinin “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalib olub. Davos Forumu çərçivəsində dərc olunan Dünya İqtisadi Forumunun “Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin 2023-2024-cü illər Təsir Hesabatı”nda Şəbəkəyə üzv olan mərkəzlərin süni intellekt, enerji keçidi, biotexnologiya və rəqəmsal iqtisadiyyat üzrə fəaliyyəti qiymətləndirilib. 4SİM-in fəaliyyəti sənəddə xüsusi qeyd edilib.
COP29-un iqtisadi dividendləri. COP29 dünya üçün önəmli tədbir olmaqla yanaşı, ölkəmizə iqtisadi dividendlər gətirən faydalı beynəlxalq platforma oldu. Bu çərçivədə müxtəlif şirkətlərarası, dövlətlərarası və hökumətlərarası yeni əlaqələrin qurulması və inkişaf etdirilməsi, təcrübə mübadiləsi və tərəfdaşlıq sənədlərinin imzalanması xüsusilə qeyd oluna bilər. COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq tərəfdaşlarla bir sıra mühüm tədbirlər reallaşdırıldı. İqlim Maliyyəsi, Sərmayə və Ticarət üzrə Bakı Dialoqu Təşəbbüsü, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu və s. bu baxımdan qeyd oluna bilər. Bu təşəbbüslər qlobal yaşıl və ədalətli keçidi gücləndirmək məqsədi ilə beynəlxalq səylər üçün uğurlu tərəfdaşlığın inkişafına təkan verəcək. İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində hazırlanan qlobal “Yaşıl artım portalı” isə ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək.
Avtobus parkının yerli istehsal hesabına təmin edilməsi layihəsi çərçivəsində Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə əməkdaşlığa başlanılıb. Layihə çərçivəsində Azərbaycanda elektrik avtobusların istehsalının qurulması və ehtiyat hissələrinin lokallaşdırılması, 2030-cu ilə qədər mərhələli şəkildə lokallaşdırma səviyyəsinin 40%-ə çatdırılması nəzərdə tutulur. BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalı layihəsinə 17,1 mln. ABŞ dolları həcmində birgə investisiya qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 500 ədəd olması, 600 yeni iş yerinin yaradılması planlaşdırılır. BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoymağı nəzərdə tutur. 2028-ci ilə qədər şirkətlə aşağı tonnajlı yük elektrik avtomobillərinin, kommunal təsərrüfat üçün elektrik mühərrikli avtonəqliyyat vasitələrinin, elektrik mühərrikli minik avtomobilinin istehsalında əməkdaşlıq planlaşdırılır.
Yaşıl enerji layihələri. Azərbaycan regionda yaşıl enerjiyə keçidə yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. Ölkəmiz iqlim dəyişmələri ilə mübarizə və planetin ekoloji rifahı üzrə praktiki tədbirlər görür, öhdəliklər yerinə yetirir. Misal olaraq, SOCAR metan tullantılarının sıfra endirilməsi ilə bağlı öhdəlik götürüb.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında əsas prioritetlərdən biri ekosistemin bərpası və ətraf mühitin qorunmasıdır. Dövlət başçısının dediyi kimi, Qarabağın yaşıl enerji zonasına çevrilməsi bu baxımdan olduqca önəmlidir.
Ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Münbit sərmayə və əməkdaşlıq mühiti sayəsində 2 QVt gücündə yaşıl enerji layihələrimiz beynəlxalq investorlar tərəfindən maliyyələşdirilir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə ümumi qoyuluş gücü 1000 MVt olan yaşıl enerji layihələri üzrə müqavilələrin imzalanması, “Masdar”la əməkdaşlıq çərçivəsində Xəzər və MDB məkanının ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının gözlənilən tikintisi, xarici tərəfdaşlarla Biləsuvar və Neftçalada günəş enerjisi layihələrinin maliyyələşdirilməsi üzrə sənədlərin imzalanması və s. ölkəmizdə bu sahədə görülən işləri aydın göstərir. Həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək layihələrin ümumi dəyərinin 670 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.
SOCAR, bp və AİŞ tərəfindən Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi nəzərdə tutulur. AİŞ-in portfelində işğaldan azad edilmiş ərazilərdə Türkiyənin “Demirören Holding”i ilə birgə həyata keçirilən beş kiçik su elektrik stansiyasının bərpası layihəsinin də xüsusi önəmi var. Bu layihə su elektrik stansiyalarının regionu bərpa olunan enerji ilə təmin edərək ənənəvi enerji təchizatı mənbələrindən asılılığı azaltması ilə AİŞ-in davamlı inkişafa sadiqliyini əks etdirir.
Alternativ energetika sahəsində dünyanın aparıcı şirkətləri ilə bağlanmış müqavilələr nəticəsində ölkəmizə 2 milyard ABŞ dolları həcmində investisiya yatırılacaq. Bu investisiyalar nəticəsində 2 min meqavatt gücündə bərpa olunan enerji istehsalı mümkün olacaq.
Azərbaycanın liderlik etdiyi “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizləri üzrə layihələr Avropaya yaşıl enerjini müxtəlif marşrutlarla gətirməklə strateji missiya yerinə yetirmiş olacaq və bu istiqamətdə ölkəmizin dünyada mövqeyini daha da gücləndirəcək.
Beləliklə, yeni trendlərin iqtisadiyyatda uğurlu tətbiqi, dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi, investisiya fəallığının artırılması və s. faktorlar innovativ və prioritet layihələrin gerçəkləşdirilməsi üçün münbit şərait yaradıb. Bu layihələrin intensivliyi isə öz növbəsində, qeyri-neft sektorunun şaxələndirilməsi və strukturunun yenilənməsində, iqtisadi artımın və davamlılığın gələcəkdə də təmin edilməsində, yaşıl iqtisadiyyatın sürətli inkişafında, sosial rifahın yüksəlişində böyük rol oynayacaq.