Şirin Şərifov: “Azərbaycanda tikinti materiallarının sabit və dayanıqlı tədarük ekosistemi formalaşdırılır” MÜSAHİBƏ

2025.03.03 16:08 (UTC+04:00)

- Öncə ATMİA-nın qarşıya qoyduğu əsas məqsədlər barədə məlumat verməyinizi xahiş edirik.

- Bizim ən başlıca məqsədimiz yerli tikinti materialları istehsalçılarını dəstəkləməkdir. Tikinti materiallarının keyfiyyəti və qiymətlərin bu keyfiyyətə uyğunluğu məsələsini daim nəzarətdə saxlayırıq. Bazarın təhlükəsizliyinin təmin edilməsi, yeni texnologiyaların və beynəlxalq standartların tətbiqi də bizim fəaliyyət dairəmizə aiddir. ATMİA-da birləşən 250-dən çox üzvümüz var ki, onlarla birlikdə şəbəkələşmə, yeni əməkdaşlıq mühiti formalaşdırmaq, xarici bazarlara daha rahat və etibarlı çıxmaq imkanlarını nəzərdən keçiririk.

- Assosiasiyanın indiyədək həyata keçirdiyi hansı vacib layihələri qeyd edə bilərsiniz?

- Öncə təlim və tədris proqramlarından başlamaq istəyirəm. ATMİA olaraq, tikinti materialları istehsalçıları üçün keçirdiyimiz təlimlərlə müəssisə rəhbərləri və əməkdaşların innovativ texnologiyalar, yeni materiallar və istehsal prosesləri barədə biliklərini təkmilləşdiririk. Elm və Təhsil Nazirliyi, BMT-nin Azərbaycandakı nümayəndəliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda təşkil olunan konfransda assosiasiyamızın təkliflərindən bir çoxu nəzərə alınaraq, üzvlərimiz Agentlik tərəfindən yaradılmış İşçi qrupun tərkibinə daxil edilib. Bundan başqa, “Azərbaycan Nəqliyyat Ekspeditorları Şirkətləri Assosiasiyası” ilə ATMİA arasında memorandum imzalanıb. Assosiasiyaya üzv şirkətlər və Dövlət Vergi Xidməti arasında isə “dəyirmi masa” təşkil olunub.

Yerli istehsalçıların xarici bazarlara çıxışını təmin etmək məqsədilə
müxtəlif beynəlxalq sərgilərdə iştirak etmələrinə dəstək göstəririk

ATMİA-nın ekoloji təmiz və davamlı tikinti materiallarının istehsalını təşviq edən bir neçə layihəsi olduğunu da vurğulamaq istərdim. Əsas məqsəd ətraf mühitə zərər verməyən və daha uzun müddət istifadəyə yararlı materialların istehsalını təşviq etməkdir. Belə layihələr sayəsində yerli istehsalçıların ekoloji sertifikatlar almasına və bu sahədə beynəlxalq təcrübəni mənimsəmələrinə dəstək olmuşuq. ATMİA, həmçinin, tikinti materiallarının istehsalı ilə məşğul olan yerli sahibkarları müvafiq testlər və sertifikatlarla təmin edir və məhsulların keyfiyyətini artırmaq üçün onlara müvafiq təlimlər keçir. Bununla yanaşı, biz yerli istehsalçıların xarici bazarlara çıxışını təmin etmək məqsədilə müxtəlif beynəlxalq sərgilərdə iştirak etmələrinə də dəstək göstəririk. Digər tərəfdən, bu sahədə yeni texnologiyaların tətbiqini təşviq edən layihəyə də imza atmışıq. Yüksək keyfiyyətli və innovativ məhsulların istehsalı üçün texnologiyaların təkmilləşdirilməsi, avtomatlaşdırılmış istehsal xətlərinin qurulması və digər modernizasiya tədbirlərinə nail olmuşuq.

Bütün bu sadaladığım layihələrlə yanaşı, ATMİA öz üzvlərinin fəaliyyətini davamlı olaraq izləyir və qiymətləndirir, sektorda rast gəlinən problemləri birgə müzakirə edərək yeni həll yolları axtarır. Qısaca desəm, bütün layihələrimiz Azərbaycanda tikinti materialları sənayesinin inkişafını sürətləndirməyə hesablanıb.

- Yeri gəlmişkən, Azərbaycanda tikinti materialları sənayesinin inkişafı istiqamətində atılan hansı mühüm addımları qeyd edə bilərsiniz?

- Qeyd olunan sənayenin, daha ümumi desəm, sahibkarlığın inkişafı üçün dövlət bir sıra mühüm addımlar atır. Məsələn, mən yerli istehsalçılara tətbiq olunan vergi güzəştləri və dövlət subsidiyalarını misal gətirmək istəyirəm. Bu güzəşt tədbiri onların birbaşa rəqabət qabiliyyətini artırmağa hesablanıb. Biz assosiasiya olaraq, istehsalyönümlü və digər biznes sahiblərinin qarşılaşdıqları problemləri analiz edib müəyyənləşdirməklə müvafiq dövlət qurumlarının yanında bu məsələlərin qaldırılması və həlli istiqamətində təşəbbüslərlə çıxış etmişik. Sözsüz ki, yerli tikinti materiallarının istehsalının artırılması və xarici asılılığın azaldılması ölkə iqtisadiyyatının inkişafı ilə bağlı mühüm tədbirlər planına daxildir. Bu, həm də yerli bazarda daha çox biznes subyektlərinin formalaşması üçün şərait yaradır.

Yerli tikinti materiallarının istehsalının artırılması və xarici asılılığın azaldılması
ölkə iqtisadiyyatının inkişafı ilə bağlı mühüm tədbirlər planına daxildir

- Azərbaycanda istehsal olunan tikinti materialları xaricdə necə tanıdılır?

- Biz bunun üçün müxtəlif ölkələrin mühəndislik və inşaat birlikləri ilə əməkdaşlıq qurur, beynəlxalq sərgilərdə fəal iştirak edir və xarici şirkətlərlə əlaqələr yaradırıq. Onlardan bir neçəsini xüsusi qeyd etmək istərdim. Məsələn, ATMİA və Avropa Gənc Mühəndislər Birliyinin prezidenti arasında onlayn görüş keçirilib. Belə bənzər toplantılardan biri Rusiya Ticarət Palatasının dəstəyi ilə təşkil olunub və qonşu ölkənin şirkətləri ilə müzakirələr aparılıb. Bundan başqa, ATMİA ilə Gürcüstan Mühəndislər Birliyi arasında Anlaşma Memorandumu imzalanıb. Assosiasiyanın Baş katibi Şahanə Sarı İtaliya Mühəndislik və İnşaat Assosiasiyasının (OICE) icraçı direktoru və vitse-prezidenti ilə də görüşüb, eyni zamanda dünyanın ən böyük inşaat sərgisi olan “Big 5” sərgisində iştirak edib. 2023-cü ilin sentyabrında məşhur “KazBuild” inşaat sərgisində vahid ölkə stendi ilə təmsil olunmuşuq. Bütün bu görüşlər və sərgilərdə iştirakımız ATMİA-ya üzv şirkətlərin xarici bazarlara çıxış imkanlarının genişlənməsi ilə nəticələnib. Bir sözlə, həm sağlam beynəlxalq əlaqələr formalaşdırırq, həm də yerli məhsullarımızı xarici bazarda tanıtmaq şansı əldə edirik.

- Dünyada gedən neqativ proseslər - pandemiya, müharibə və münaqişələr tikinti bazarına necə təsir edib?

- Bəli, dünyada baş verən iqtisadi və siyasi proseslər, Rusiya-Ukrayna müharibəsi və logistika sahəsindəki çətinliklər tikinti bazarına da təsirsiz ötüşməyib. Azərbaycanın tikinti bazarı da son dövrlərdə bir sıra qlobal və regional hadisələrin təsiri altında dəyişikliklərə məruz qalıb. Eyni zamanda, Avropada enerji qiymətlərinin artması və təchizat zəncirlərindəki mövcud problemlər də tikinti materiallarının qiymətlərinə təsir edib. Avropa ilə ticarət əlaqələri və idxal-ixrac əməliyyatlarımız mövcud olduğundan, bu vəziyyət dolayısı ilə yerli bazara da təsir edir. Amma sevindirici hal odur ki, bütün bu çətinliklər fonunda Azərbaycanın tikinti materialları sahəsində mühüm irəliləyişlər əldə edilib. Məsələn, “Expo Home” adlı böyük bir layihəmiz reallaşdırıldı. Bu, yerli və xarici istehsalçıları bir araya gətirərək bazarı daha sabit saxlamağa kömək edən bir tədbir oldu. Birincisi, bu platforma müxtəlif ölkələrdən tikinti materiallarının idxalını təmin edərək bazarda alternativlər yaradır, digər tərəfdən tikinti şirkətləri və fərdi müştərilər üçün sərfəli alış imkanları təqdim edir. Ən əsası isə yerli və xarici istehsalçıların bu platforma vasitəsilə bir araya gətirilməsi onların bazar imkanlarını genişləndirir. Hesab edirəm ki, məhz bu təşəbbüslər sayəsində Azərbaycan bazarında daha sabit və dayanıqlı bir tikinti materialları tədarük ekosistemi formalaşdırılır, qlobal və regional hadisələrin təsiri minimuma endirilir.

Dünyada baş verən iqtisadi və siyasi proseslər, Rusiya-Ukrayna müharibəsi və
logistika sahəsindəki çətinliklər tikinti bazarına da təsirsiz ötüşməyib

- Əsasən hansı ölkələrdən tikinti materialları idxal edilir? İdxal bazarlarındakı vəziyyəti necə dəyərləndirirsiniz?

- Azərbaycana müxtəlif ölkələrdən tikinti materialları idxal edilir. Prosesin daha rəqabətli, şəffaf və səmərəli olması üçün dövlət bir sıra güzəştlər və təşviq tədbirləri həyata keçirir. Bu, bazarda inhisarçılığın qarşısını almaqla bərabər, sahibkarlara daha sərfəli ticarət şərtləri təmin etməyə yönəlib. Hökumət xüsusilə MDB ölkələri ilə iqtisadi əlaqələri gücləndirmək məqsədilə bir sıra gömrük sadələşdirmələri və güzəştlər tətbiq edir. Həmin ölkələrlə ticarət əlaqələrində bəzi tikinti materialları və məhsullar üçün gömrük rüsumları azaldılıb və ya tam ləğv olunub. Bu addım qarşılıqlı ticarətin həcmini artırır və bazarda daha yüksək rəqabətə səbəb olur. Gömrük prosedurlarının sürətləndirilməsi və əməliyyatların daha şəffaf, effektiv həyata keçirilməsi üçün elektron gömrük nəzarəti və təftişi həyata keçirilir. Malların hərəkətini sürətləndirmək və logistika xərclərini azaltmaq üçün isə birgə gömrük nəzarəti və təftişi aparılır.

Əsas idxal Rusiya, Çin, İtaliya, İspaniya, Türkiyə və İrandandır. Xüsusilə Rusiyadan böyük miqdarda taxta, ağac və dam örtüyü kimi materiallar idxal edilir. Çindən əsasən şüşə, qapı və pəncərə aksesuarları, elektrik materialları və işıqlandırma sistemləri alındığı halda, İtaliya və İspaniya bazarlarından kafel və metlax, yüksək keyfiyyətli keramika və mozaika plitələri, xüsusən interyer tikintisində istifadə olunan məhsullar tədarük olunur. Qardaş Türkiyə Azərbaycana əsasən mebel və tikinti materialları ixrac edir ki, bu da həmin məhsulların qiymətlərinin nisbətən ucuz olmasına görə cəlbedici hesab edilir. İran isə bizə daha çox mərmər və daş materialları təklif edir.

- Bəs idxaldan asılılğı azaltmaq və yerli istehsalı təşviq etmək üçün hansı addımlar atılır?

- Dövlət yerli istehsalın artırılmasına xüsusi diqqət ayırır və bu istiqamətə yönəlmiş bir sıra tədbirlər həyata keçirir. Bu xüsusda sənaye parkları və azad iqtisadi zonaların yaradılmasını misal çəkmək istəyirəm. Həmin müəssisələrə vergi və gömrük güzəştlərinin tətbiqi yerli istehsala müsbət təsir göstərməklə yanaşı, sahibkarları bu sahəyə investisiya yatırmağa təşviq edir ki, bu da nəticə etibarilə milli iqtisadiyyatımıza öz töhfəsini verir. ATMİA da öz növbəsində yerli istehsalçıları dəstəkləyərək onların beynəlxalq bazarlarda daha güclü yer tutması üçün əlindən gələni əsirgəməyəcək.

Faiq KƏRİMOĞLU