"APA -Economics" məlumat verir ki, Təlimat Mərkəzi Bank tərəfindən pul və valyuta siyasətinin formalaşdırılmasında istifadə edilməsi üçün fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta barədə statistik məlumatların əldə edilməsi məqsədilə hazırlanıb. Fiziki şəxslərin bank hesablarından Azərbaycandan kənara köçürülən xarici valyuta haqqında statistik hesabat banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən tərtib olunmalıdır.
Hesabatda fiziki şəxslərin bank hesablarından 1.000 ABŞ dolları ekvivalentində və ondan artıq məbləğdə xarici valyutanın rezident və qeyri-rezident təsnifatı üzrə köçürülməsi tarixi, valyutanın adı, vəsait köçürülən ölkənin tam adı, köçürmənin məqsədi, köçürülən məbləğ (köçürülən xarici valyutada və ABŞ dolları ekvivalentində) və əməliyyatların sayı əks olunmalıdır. Hesabata statistik vahidlərin emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan valyuta əməliyyatları ilə bağlı məlumatlar daxil edilmir. Hesabatda köçürülən xarici valyuta yalnız ABŞ dolları ilə qeyd edilir. ABŞ dolları istisna olmaqla, digər xarici valyutalarda köçürmələr əməliyyatın icra edildiyi günə manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsi əsasında hesablanmış çarpaz məzənnə üzrə ABŞ dolları ekvivalentində əks olunmalıdır. Hesabatda fiziki şəxslərin hesab açmadan apardıqları pul köçürmə əməliyyatları barədə məlumatlar qeyd edilmir.
Fiziki şəxslərin bank hesablarından Azərbaycandan kənara köçürülən xarici valyuta haqqında statistik hesabat statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq elektron formada aylıq əsasda, hesabat dövründən sonrakı 2 (iki) iş günü ərzində Mərkəzi Banka təqdim edilir. Əməliyyat baş verməyən hallarda hesabatda həmin göstərici (göstəricilər) üzrə xanada (xanalarda) 0 (sıfır) rəqəmi qeyd olunur. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.