Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara 2,3 milyard manat güzəştli kredit verilib

2019.07.31 11:21 (UTC+04:00)

Bu vaxtadək Sahibkarlığın İnkişafı Fondu tərəfindən layihələrinin ümumi dəyəri 5,2 milyard manatdan çox olan 36 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iyulun 31-də Bakıda keçirilən "İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi" mövzusunda konfransda deyib.

Nazir müavini bildirib ki, bu kreditlər hesabına 166 mindən çox yeni iş yeri açılacaq. Həmin kreditlərin 1 milyard manatı büdcə, 1,3 milyard manatı geri qaytarılan vəsaitlər hesabına verilib. Kreditlərin 74 faizi regionlarda, 26 faizi Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib. Bu kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə müxtəlif sənaye digər sahələrin inkişafına yönəldilib.