Nağd xarici valyuta əməliyyatları üzrə təlimat hazırlanıb

2019.07.31 10:56 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Nağd xarici valyuta əməliyyatları statistik hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat"ı təsdiqləyib. Təlimat Mərkəzi Bank tərəfindən pul və valyuta siyasətinin formalaşdırılmasında istifadə edilməsi üçün banklardan, xarici bankların yerli filiallarından və poçt rabitəsinin milli operatorundan nağd xarici valyuta mübadiləsi əməliyyatları, nağd xarici valyutanın kassa dövriyyəsi və nağd xarici valyutanın Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması barədə statistik məlumatların əldə edilməsi məqsədilə qəbul edilib.

Bu Təlimat bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun nağd xarici valyuta əməliyyatları haqqında statistik hesabatın tərtibi və təqdim olunması məsələlərini tənzimləyir. Hesabatın tərtib olunmasında məqsəd Mərkəzi Bank tərəfindən pul və valyuta siyasətinin formalaşdırılmasında istifadə edilməsi üçün statistik vahidlərdən nağd xarici valyuta mübadiləsi (alğı-satqı) əməliyyatları, nağd xarici valyutanın kassa dövriyyəsi (mədaxil, məxaric və qalıq) və nağd xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması barədə statistik məlumatların əldə edilməsidir.

Təlimata əsasən, nağd xarici valyuta mübadiləsi (alğı-satqı) əməliyyatları statistikasında statistik vahidin bir xarici valyutanın digər xarici valyutaya mübadiləsi üzrə həyata keçirdiyi nağd valyuta mübadiləsi əməliyyatı (çarpaz məzənnə üzrə) 2 əməliyyat kimi – milli valyutanın satışı və milli valyutanın alışı – qeyd olunmalıdır. Statistik vahidin aldığı nağd xarici valyuta (milli valyutanın alınan xarici valyutaya nisbətdə nağd satış məzənnəsinə əsasən) xarici valyuta alışı əməliyyatı kimi, satdığı xarici valyuta (milli valyutanın satılan xarici valyutaya nisbətdə nağd alış məzənnəsinə əsasən) isə xarici valyuta satışı əməliyyatı kimi qeyd olunmalıdır. Günlük əsasda isə mübadilə edilən hər bir xarici valyuta vahidi üzrə alınan/satılan xarici və milli valyutanın məbləği, aparılan mübadilə əməliyyatlarının sayı cəm şəklində qeyd olunmalı, həmin tarixə hər bir valyuta vahidi üzrə mübadilə əməliyyatlarının orta çəkili məzənnəsi əks olunmalıdır.

Nağd xarici valyuta mübadiləsi (alğı-satqı) əməliyyatlarının regionlar üzrə statistikasında hər bir region və mübadilə edilən hər bir xarici valyuta vahidi üzrə alınan/satılan xarici və milli valyutanın məbləği, aparılan mübadilə əməliyyatlarının sayı cəm şəklində qeyd olunmalı, hər bir valyuta vahidi üzrə mübadilə əməliyyatlarının orta çəkili alış/satış məzənnəsi əks edilməlidir. Nağd xarici valyutanın kassa dövriyyəsi statistikasında statistik vahidin nağd xarici valyutada dövrün əvvəlinə və sonuna kassa qalıqları, dövr ərzində nağd xarici valyutanın kassaya mədaxil və məxaric dövriyyələri əks olunmalıdır.

Nağd xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması statistikasında isə nağd xarici valyutanın (müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən kağız və metal pul nişanları) statistik vahidlər tərəfindən Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması əməliyyatları əks olunmalıdır. Nağd xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması nağd xarici valyutanın dövlət gömrük sərhədindən keçirilməsini nəzərdə tutur. Nağd xarici valyuta əməliyyatları statistik hesabatına statistik vahidlər tərəfindən qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlarla aparılan əməliyyatlar barədə məlumatlar daxil edilmir.

Hesabat statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq elektron formada aylıq əsasda, hesabat dövründən sonrakı 2 iş günü ərzində Mərkəzi Banka təqdim edilir. Əməliyyat aparılmadığı hallarda müvafiq göstərici (göstəricilər) üzrə xanada (xanalarda) 0 (sıfır) rəqəmi qeyd olunmalıdır. Nağd xarici valyuta əməliyyatları üzrə operativ təhlilin aparılması məqsədilə nağd xarici valyuta əməliyyatları statistik hesabatının təqdim edilməsi ilə bağlı AMB tərəfindən statistik vahidə hesabat dövrü bitmədən yazılı (və ya elektron) müraciət olunduqda, statistik vahid tərəfindən Mərkəzi Bankın müraciətində qeyd edilən tarixlər üzrə hesabat (və ya hesabatın müvafiq hissəsi) müraciət tarixindən sonrakı 1 iş günündən gec olmayaraq AMB-yə təqdim edilməlidir. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilməlidir.