Altıgünlük iş həftəsində çalışanlar martda neçə gün tətil edəcək?

2025.02.24 09:50 (UTC+04:00)

Altıgünlük iş həftəsində istirahət günlərinin sayı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 16 dekabr 2024-cü il tarixli qərarı ilə müəyyən edilib. Həmin qərarla 2025-ci ilin istehsalat təqviminə əsasən, iş və istirahət günlərinin tarixləri müəyyən olunub. Qərarın 1 nömrəli əlavəsində 2025-ci ildə bayramlarla əlaqədar qeyri-iş günlərinin tarixləri açıqlanıb.

Kollegiyanın qərarına əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 2024-cü il 28 noyabr tarixli 499 nömrəli və “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2024-cü il 11 dekabr tarixli 521 nömrəli qərarlarına əsasən, 2025-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə əlaqədar beşgünlük iş həftəsində 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9, 16 iyun, 10 və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində isə 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir.

Beləliklə, altıgünlük iş həftəsində mart ayında Novruz bayramı və Ramazan bayramı ərəfəsində istirahət günləri aşağıdakı kimi olacaq:

Novruz bayramı: 20, 21, 22, 23, 24, 25 mart tarixləri (6 gün);

Ramazan bayramı: 30, 31 mart və 1 aprel tarixləri (3 gün).