Vergi islahatları nəticəsində qeyri-neft üzrə özəl sektorda əmək müqavilələri artıb

2025.02.13 12:12 (UTC+04:00)

"Vergi qanunvericiliyində təsdiq edilmiş vergi təşviqlərinin hesabına 2019-cu ilin əvvəlindən son tarixədək cəmi əmək müqavilələrinin sayı 471 minədək, o cümlədən qeyri-neft özəl sektorda 443 mindən çox artıb”.

Bu sözləri “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli deyib.

O.Nəzərli bildirib ki, vergi islahatları nəticəsində qeyri-neft üzrə özəl sektorda əmək müqavilələrinin artımı 82,1 faiz təşkil edir: “Bu günə özəl bölmədə əmək müqavilələrinin sayı dövlət sektorunu üstələyir ki, bu da əmək bazarının əhəmiyyətli leqallaşmasını ifadə edir. Həmçinin 2024-cü ildə cəmi əmək haqqı fondu 23,9 milyard manata çatıb ki, burada da 2018-ci illə müqayisə etsək, ümumilikdə 2.5 dəfəyədək, qeyri-neft özəl sektorda isə 2.7 dəfə artım müşahidə olunur. Yeri gəlmişkən, Azərbaycanın əmək bazarında apardığı islahatlar Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib".