Bu ilin 30 iyun tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29.980,1 mln. manat, cəmi öhdəlikləri isə 25.380,5 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4.599,6 mln. manat olub. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə bankların cəmi aktivləri 7,1 faiz, cəmi öhdəlikləri 5,4 faiz, sektorun balans kapitalı isə 13 faiz artıb. İyun ayına sektorun aktivlərinin 43,8 faizini kredit portfeli təşkil edib. Cari ilin ilk yarısında kredit portfeli 4,1 faiz (517,7 mln. manat) artaraq, ümumi kredit portfeli ayın sonuna 13.146,0 mln. manat təşkil edib.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəəti də artıb. Belə ki, Azərbaycan bankları hesabat dövründə 433,4 mln. manat xalis mənfəət əldə ediblər. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 6,9 dəfə artıb. Qeyd edək ki, ötən ilin ilk yarısında ölkədəki bankların xalis mənfəəti cəmi 63 mln. manat təşkil edib. Hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14,1 faiz (118,8 mln. manat), kreditlər üzrə faiz gəlirləri isə 18,4 faiz (107,8 mln. manat) artıb.