Asiya İnkişaf Bankı Azərbaycandakı suveren əməliyyatlara 820 milyon dollar yatıra bilər

2019.07.30 17:21 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üçün açıqladığı 2020-2022-ci illəri əhatə edən biznes-planda bildirilir. Məlumata görə, 3 illik biznes-plan bu gün ADB-nin Direktorlar Şurasında təsdiq edilib. Bu vəsait birgə maliyyələşmə və digər mənbələrdən cəlb edilən resursları da nəzərdə tutur.

ADB Azərbaycana 2020-ci ildə 265 mln. dollar, 2021-ci ildə 30 mln. dollar, 2022-ci ildə isə energetika, təhsil, infrastrukturun yaxşılaşdırılması və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması sahələrində 4 layihəyə 450 mln. dollar məbləğində kredit ayıra bilər. 2022-ci ildə icra ediləcək layihədə hökumətin iştirak payı 67 mln. dollar məbləğində nəzərdə tutulur. Bundan əlavə, bank tərəfindən qarşıdakı 3 ildə 5,8 mln. dollarlıq texniki dəstək də göstəriləcək.

İlkin olaraq ADB 2019-cu il üçün 250 mln. dollar məbləğində bir kredit və 3,2 mln. dollar dəyərində 5 texniki dəstək layihəsi (dövlət sektorunun səmərəliliyinin artırılması, dövlət sektoru idarəçiliyinə dəstək, vergi siyasəti və idarəçiliyin gücləndirilməsi, enerji sektorunun davamlılığının təşviqi və Naxçıvanda suvarma və drenaj sisteminin inkişafı) nəzərdə tutub. ADB Azərbaycana 2020-2022-ci illər üzrə iki əsas indikator üzrə, ümumilikdə, 295 mln. dollar kredit ayıracaq. Onlardan birincisi ictimai sektorun idarə edilməsi, ikincisi isə maliyyə sektoru ilə bağlıdır.

"İctimai sektorun səmərəliliyinin artırılması" layihəsi üçün 265 mln. dollar, "Özəl sektorun inkişafının sürətləndirilməsi" layihəsi üzrə isə 30 mln. dollar məbləğində kredit ayrılması gözlənilir.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu vaxta qədər bank Azərbaycana 4,19 mlrd. dollarlıq kredit verib.