Azərbaycanda özünüməşğulluq layihəsinə daha bir dəstək

2019.07.30 16:27 (UTC+04:00)

Dünya Bankı bu ilin payızında Azərbaycanda özünüməşğulluq proqramının genişləndirilməsi üzrə layihə hazırlayaraq bu sahəyə dəstəyin formasını müəyyənləşdirəcək. "Azərbaycan hökuməti ölkədəki məşğulluğa dəstək layihəsində iştirak etmək üçün Dünya Bankına sorğu göndərib. İndiyə qədər bu layihə ilə bağlı ölkədə dəyərləndirmə missiyası olduğu üçün özünüməşğulluq proqramının həyata keçirilməsinə Dünya Bankının hansı formada dəstək verə biləcəyəni söyləmək çətindir. Amma bir sıra variantlar var. Dünya Bankı bu layihəni kredit vasitəsilə, texniki dəstək şəklində, yaxud məsləhət yolu ilə dəstəkləyə bilər", - deyə qurumun Bakıdakı nümayəndəliyindən bildirilib.

Azərbaycan uzun müddətdir ki, Beynəlxalq İnkişaf Assosiasiyasının xəttilə Dünya Bankından güzəştli kredit almır, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri əsasında kredit cəlb edir.

Ölkə prezidentinin "Əhalinin özünüməşğulluğunu təmin etməyə dair əlavə tədbirlər haqqında" 2016-cı ildə imzaladığı sərəncama əsasən, həyata keçirilən özünüməşğulluq proqramı əmək məhsuldarlığının, əhalinin iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaranmasına, vergi ödəyənlərin çoxalmasına rəvac verir. Bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev proqramın 2020-ci ildə 60 mindən artıq vətəndaşı əhatə edə, 15 minədək kiçik təsərrüfatın yaranmasına gətirib çıxara biləcəyini, gələn il İşsizlikdən Sığorta Fondunun hesabına bu proqrama 7 minə qədər, Dünya Bankının vəsaitləri hesabına daha 7-8 min ailənin cəlb olunmasının hədəfləndiyini bildirmişdi. 2018-ci ildə 6 min ailəni əhatə edən proqramın 2019-cu ildə 8-10 min ailəni əhatə edəcəyi gözlənilir.