Qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin adları açıqlanıb

2019.07.30 15:43 (UTC+04:00)

Azərbaycanda qeyri-dövlət ixracatçı subyektlərdən fərqli olaraq, iyun ayında dövlətə məxsus şirkətlərin ixrac üzrə siyahısı əvvəlki ayda olduğu kimi qalıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu siyahıya ənənəvi olaraq SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar idarəsi başçılıq edir. İdarə bu ilin yanvar-iyun ayları ərzində 112,6 mln. ABŞ dolları həcmində ixrac əməliyyatı həyata keçirib ki, bu da ödən ilin analoji dövrü ilə müqayisə də 10,4 faiz çoxdur. Eyni zamanda, "Azərenerji" ASC 51,8 mln. dollar ixrac əməliyyatı həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisə də 4,4 faiz azdır.

Bundan başqa, siyahıda "Azəralüminium" MMC (39,8 mln. dollar), "Azergold" QSC (30,4 mln. dollar), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (11,5 mln. dollar), "Azərbaycan Hava Yolları" QSC (8,4 mln. dollar), "CTS-Agro" MMC (5,8 mln. dollar), "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC (588 min dollar), Dövlət Material Ehtiyatları Agentliyi (555 min dollar) və "Bakı Neft Maşınqayırma Zavodu" ASC (464 min dollar) yer alıb.