KOB-lar üçün alternativ maliyyələşdirilmə...

2019.07.30 14:20 (UTC+04:00)

Maliyyə və Vergilər nazirliklərinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Mərkəzi Bankın nümayəndələrinin də iştirak etdiyi tədbirdə ölkəmizdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində mövcud dövlət dəstəyi mexanizmləri, bu sahədə alternativ maliyyələşmə üzrə potensial imkanlara dair müzakirələr aparılıb.

İslam İnkişaf Bankı Qrupunun "İslam bankçılığı üçün hüquqi çərçivənin inkişaf etdirilməsi" texniki yardım layihəsi çərçivəsində həyata keçirilən araşdırmalar barədə məlumat verilərək qeyd olunub ki, beynəlxalq və yerli şirkətlərin yaratdığı konsorsium (Islamic Finance Advisory and Assurance Services - IFAAS) və "EKVITA Consulting" MMC) tərəfindən həyata keçirilən layihənin məqsədi ölkə iqtisadiyyatına alternativ investisiya və maliyyə vəsaitlərinin cəlb edilməsi, bankçılıq, mikromaliyyə, qiymətli kağızlar və sığorta bazarlarının inkişafına töhfə vermək, yerli bazarda xüsusilə kiçik və orta biznes üçün yeni maliyyə məhsullarının və xidmətlərin təqdim olunması, maliyyə sahəsində fəaliyyət göstərən şirkətlərin yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.

Tədbirdə alternativ maliyyələşmə mexanizmlərinə dair xarici ekspertlər tərəfindən təqdimatlar keçirilib, bu sahədə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə də KOB subyektlərinin maliyyələşdirilməsində alternativ maliyyə alətlərindən istifadənin genişləndirilməsi və bu sahədə araşdırmaların aparılması öz əksini tapıb.