Yanvar-iyun aylarında "Azexport.az" portalına 303,1 milyon dollarlıq ixrac sifarişləri daxil olub

2019.07.30 13:01 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac İcmalı"nın iyul sayında qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixrac sifarişləri 6,6 faiz artıb. Bu ilin iyununda portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 41,3 milyon dollar təşkil edib və ötən ilin eyni ayı ilə müqayisədə 20,8 faizlik artım qeydə alınıb.

Cari ilin birinci yarısında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (11,9 faiz), Türkiyə (6,6 faiz), Hindistan (5,7 faiz), ABŞ (5,5 faiz) və İngiltərə (5,3 faiz) qərarlaşıb. İyunda ən çox ixrac sifarişi pambıq, tütün, toyuq əti və yumurtası, qənnadı məhsulu, soğan, çay, şərab, mühərrik yağı, nar şirəsi, kompot, mebel dəsti, tikinti materialı, naftalan yağı, bal, uşaq iç geyimi, gül və sair mallara daxil olub.

2017-ci ilin yanvarından bu il iyunun 30-dək "Azexport.az" portalına 133 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 292,2 milyon dollar təşkil edib.