Azərbaycan "Paying Taxes 2019" hesabatında 7 pillə irəliləyib

2019.01.04 10:46 (UTC+04:00)

Dünya Bankı və "PricewaterhouseCoopers" beynəlxalq audit şirkəti tərəfindən hazırlanmış "Paying Taxes 2019" ("Vergilərin ödənilməsi 2019") icmalında Azərbaycan ötənilki göstərici ilə müqayisədə öz mövqeyini 7 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 28-ci yerdə, MDB məkanında isə ilk pillədə qərarlaşıb. İcmalda Azərbaycanın vergi sisteminin region ölkələri ilə müqayisədə əhəmiyyətli dərəcədə fərqləndiyi, biznes fəaliyyəti və rəqabət üçün daha sərfəli olduğu göstərilib. İcmal müəlliflərinin araşdırmalarına əsasən, respublikamızda ümumi vergi dərəcəsi 40 faiz təşkil edir ki, bu da OECD-nin digər ölkələri ilə müqayisədə daha aşağıdır. Hesabatda Rusiya Federasiyası 53-cü, Qazaxıstan 56-cı, Özbəkistan 64-cü, Tacikistan 136-cı, Qırğızıstan isə 150-ci yerdə qərarlaşıb.

"Vergilərin ödənilməsi" metodologiyasına əsasən, orta ölçülü şirkətin il ərzində ödəməli olduğu vergi və ödəmələr, həmçinin onların inzibatçılıq yükü müəyyən edilir. Vergi və ödəmələrə müxtəlif mənbələrdən olan mənfəət və gəlirlərə görə vergilər, o cümlədən əmlak icarəsindən vergilər, dividend və kapital vergiləri, maliyyə köçürmələrindən əldə edilən gəlirdən vergilər, işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil və yol vergiləri və sair aid edilir. Dövlət büdcəsinə vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsi sahəsində vergi sistemində tətbiq olunan yeniliklərin müqayisəli izlənilməsi üçün əvvəlki illərin reytinq cədvəlləri aydın təsəvvür yaradır. İcmalda ölkədə sosial müdafiə ayırmaları üzrə hesabatların və ödənişlərin elektron formada aparılması və digər sahələrdə əldə edilmiş nailiyyətlər də nəzərə alınıb. Artıq ölkəmizdə məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb.

Vergilərin ödənişi indeksi:

Əhatə olunan sahələr Azərbaycan Avropa və Mərkəzi Asiya OECD
Ödənişlər (il ərzində sayı) 6.0 17.6 10.9
Ödənişlərlə bağlı vaxt (illik saat) 159 221.5 163.4
Ümumi vergi dərəcəsi (faizlə) 40 33.8 40.9

Dünya Bankının tərəfdaşı olan "PricewaterhouseCoopers" şirkətinin vergi eksperti Arif Quliyevin sözlərinə görə, vergi sistemində elektronlaşmanın genişlənməsi, sahibkarların onlayn qeydiyyatının aparılması, elektron vergi bəyannamələrinin tətbiqi, vergitutma sahəsində xərc tələb edən prosedurların azaldılması hesabatda vergi ilə bağlı indikatorların yaxşılaşmasında mühüm rol oynayıb. Qeyd olunub ki, 2018-ci ildə vergi sistemində əhəmiyyətli islahatların və dəyişikliklərin olduğu nəzərə alınsa, növbəti hesabatda daha bir neçə pillə irəliləyişin əldə edilməsi gözləniləndir.

"Vergilərin ödənilməsi" indeksi üzrə son 3 ilin göstəricisi:
2017 – 40-cı yer
2018 – 35-ci yer
2019 – 28-ci yer

Elbrus CƏFƏRLİ