“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib

2024.12.27 16:24 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:

“Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti;

“Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Nazirlər Kabinetinə tapşırılıb ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin və onun tabeliyindəki digər müəssisələrin ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görsün, normativ hüquqi aktlarda dəyişiklik edilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin və onun tabeliyindəki digər müəssisələrin əmlakı ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.