İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi forma üzrə verilməlidir. Məcəllənin 157.2-ci maddəsində qeyd olunur ki, şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatları, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur.
O da bildirilib ki, əvvəlki tarixə könüllü qeydiyyat zamanı, Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən, bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə həmin şəxs ƏDV ödəyici kimi qeydiyyata alınır.
Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir. Bu maddənin müddəaları Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslərə tətbiq edilmir.
Vergi ödəyicisi elektron sistemə daxil olaraq vergi orqanına müvafiq ərizə formasında müraciət edə bilər: https://new.e-taxes.gov.az/etaxes/