İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinin müddəalarına əsasən, Məcəllənin 191.5-ci maddəsinə uyğun qaydada hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğlər, vergi ödəyicisinin borcu olmadığı halda, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə müvafiq olaraq, 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) geri qaytarılır. Artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması üçün vergi ödəyiciləri uçotda olduqları vergi orqanına müvafiq ərizə forması ilə müraciət etməlidirlər.
Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi, "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"