Təkmilləşdirilmiş xidmətlərə malik vergi sistemi səmərəli biznes mühiti yaradır MƏQALƏ

2024.12.18 16:38 (UTC+04:00)

Sahibkarların hüquqlarının qorunması və biznes mühitinin sabitliyi dayanıqlı iqtisadiyyat üçün möhkəm bünövrə deməkdir. Bu bünövrənin formalaşmasında isə vergi sistemində aparılan islahatların mühüm rolu var. Bu baxımdan vergi ödəyiciləri üçün təkmilləşdirilmiş xidmətlər vasitəsilə etimada əsaslanan vergi sisteminin qurulması, uyğunluğun, ədalətin və məmnunluğun təşviq edilməsi vacibdir.

Vergi siyasəti və biznesin əməletmə intizamı arasında balansın gözlənilməsi də önəmli şərtlərdəndir. Vergi islahatlarında hər zaman balanslı siyasətin qorunmasına üstünlük verilməlidir. Beynəlxalq təhlillər də göstərir ki, vergi orqanlarına inam güclü olduqda biznesin vergi ödəmək və islahatları dəstəkləmək istəyi daha yüksək olur. Çünki vergi ödəyiciləri ödədikləri vəsaitlərin sosial xidmətlərin təkmilləşdirilməsinə yönəldiyini bilirlər və bu amil vergi öhdəliklərinə daha intizamlı yanaşmanı formalaşdırır. Ədalətlilik, bərabərlik, qarşılıqlı etimad, inklüzivlik və hesabatlılıq kimi prinsiplər vergi sisteminə inamın yaradılmasına kömək edir.

Ədalətlilik, bərabərlik, qarşılıqlı etimad, inklüzivlik və hesabatlılıq kimi
prinsiplər vergi sisteminə inamın yaradılmasına kömək edir

Rəqabət mühitində vergi tənzimləmə mexanizmlərində yeni alətlərin meydana gəlməsi labüddür. Bu baxımdan etimad mühitinin qorunması çox önəmlidir. Bu məqsədlə vergi sistemləri vergi ödəyiciləri üçün daha rahat, sadə və innovativ xidmət ekosistemini yaratmağa çalışırlar. Xüsusi qeyd olunmalıdır ki, ölkəmizin vergi orqanları tərəfindən son illərdə bu sahədə görülən işlər əhatəli və diqqətəlayiqdir.

Vergi xidmətlərinin təkmilləşdirilməsi vergi sisteminə etimadı artırır

Vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirilir. Bu prosesin rəqəmsallaşma hesabına reallaşdırılması, vergi məlumatlarının əlçatanlığı və keyfiyyətinin artırılmasının nəticəsi olaraq biznesin vergi əməletməsinə sərf etdiyi vaxtın azaldılması sahəsində işlər aparılır. 2023-cü ilin sonundan etibarən işçisi olmayan sahibkarlıq subyektləri üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyiciləri tərəfindən təqdim olunan vahid bəyannamənin göndərilməsi prosesi asanlaşdırılıb. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin (hesabat) tərtib olunması və sadələşdirilmiş interfeys formasında SMS bildirişlə vergi ödəyicilərinə göndərilməsi xidmətindən istifadə səviyyəsini, habelə xidmətlərdən istifadə zamanı yarana biləcək çətinlikləri öyrənmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən onlayn sorğu da təşkil edilib. Bundan başqa, vahid bəyannamənin tərtib edilməsi qaydasını izah edən videomaterial da hazırlanıb. Vergi ödəyicilərinin vergi bəyannaməsini vaxtında təqdim etmələrini təmin etmək üçün vergi təqvimi, xatırlatma xarakterli videomüraciətlər və fərdi məlumatlandırma alətlərindən istifadə edilir. 70-dən çox elektron xidmətin təklif edildiyi vergi sistemində bu xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də xüsusi diqqət yetirilir.

Vergi ödəyiciləri ilə kommunikasiyanın proaktiv ünsiyyət prinsipi əsasında
qurulması üçün İnternet Vergi İdarəsində fərdi elektron kabinet təkmilləşdirilir və
funksiyaları daha da genişləndirilir

Vergi ödəyiciləri ilə kommunikasiyanın proaktiv ünsiyyət prinsipi əsasında qurulması üçün İnternet Vergi İdarəsində fərdi elektron kabinet təkmilləşdirilir və funksiyaları daha da genişləndirilir. Belə ki, istifadəçilər elektron kabinet vasitəsilə vergi orqanı və digər vergi ödəyiciləri ilə yazışmalar apara, vergi və digər büdcə öhdəliklərini yerinə yetirə, hesabatlarını təqdim edə və bir çox digər xidmətlərdən yararlana bilərlər. Bu ildən isə DVX-nin internet portalı – İnternet Vergi İdarəsində vergi ödəyicisinin elektron kabinetinin “Ərizələr” bölməsində “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımının ödənilməsi ərizəsi” adlı elektron müraciət forması istifadəyə verilib. Bununla da işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə yardımı ilə bağlı müraciətləri elektronlaşdırılıb. Vergi ödəyicilərinin DVX-nin və Naxçıvan DVX-nin xidmət mərkəzlərində, Bakı KOB evində (yalnız DVX tərəfindən göstərilən xidmətlərlə bağlı) vergi xidmətlərindən onlara uyğun tarixdə və vaxtda, növbədə gözləmədən yararlanmaları üçün əvvəlcədən onlayn növbəyə yazılma elektron xidməti istifadəyə verilib. DVX-nin İnternet Vergi İdarəsində onlayn növbənin əldə olunması, dəyişdirilməsi və ləğvi ilə bağlı elektron xidmətin istifadəçi təlimatı DVX-nin saytında yerləşdirilib.

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan
sahibkarların maliyyə yardımı ilə bağlı müraciətləri elektronlaşdırılıb

Bu il DVX tərəfindən Naxçıvanda 3 yeni xidmət mərkəzi istifadəyə verilib və onların ümumi sayı 60-ı keçib. Xidmət mərkəzlərində vergi ödəyicilərinə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində inklüzivliyi təmin etmək üçün infrastruktur təkmilləşdirilib. Bundan başqa, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilər və şəxsiyyət vəsiqəsində göstərilən məlumatların həmin Sistem üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur. Bu səbəbdən vergi ödəyicilərinə şəxsiyyət vəsiqəsini fiziki olaraq təqdim etmədən də xidmətlər göstərilir. Bu mərkəzlərdə vətəndaşlara həm elektron, həm də üzbəüz xidmətlər təqdim edilir. DVX tərəfindən sosial şəbəkələrin imkanlarından da geniş istifadə olunur. Qurumun sosial şəbəkələrdəki hesablarında virtual vergi məsləhətçiləri konsepsiyası tətbiq edilir. "DVX bot" (http://t.me/xidmetbot) adlı çat-bot tətbiqi fəaliyyət göstərir. Bu xidmət vasitəsilə vergi ödəyicilərinə DVX-nin xidmət mərkəzlərinin ünvanları və borcları barədə müvafiq məlumat almaq, kalkulyatorda hesablamalar aparmaq və digər imkanlar yaradılır. Vergi ödəyiciləri, həmçinin, öz seçimlərinə əsasən tədiyyələr üzrə bəyannamələrin (hesabatların) təqdim olunması və vergilərin ödənilməsi müddətləri barədə məlumat əldə edə, eləcə də hər hansı bəyannamə üzrə seçim etməklə, həmin bəyannamənin təqdim olunma tarixinə bir neçə gün qaldıqda, xatırlatma mesajı ala bilirlər. Bundan başqa, rəsmi saytdakı çat-botda müraciətlər operativ formada cavablandırılır və onlayn məsləhətləşmələr təklif edilir.

Vergi ödəyicilərinə şəxsiyyət vəsiqəsini fiziki olaraq
təqdim etmədən də xidmətlər göstərilir

Müştəriyönümlü və proaktiv xidmətlərin tətbiqi genişlənəcək

Ölkədə biznes mühitinin yaxşılaşdırılması, dayanıqlı və inklüziv iqtisadi inkişaf və davamlı iqtisadi artımın təmin edilməsinə yönəlik fəaliyyəti dəstəkləmək məqsədilə hazırlanmış “Dövlət Vergi Xidmətinin 2024-2030-cu illər üzrə Strategiyası” vergi sisteminin daha ədalətli, sadə, əlçatan və müştəriyönümlü olmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına xidmət edir. Bu mənada keyfiyyətli elektron xidmətlərin təmin edilməsi və rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi mühüm istiqamətdir.

“Dövlət Vergi Xidmətinin 2024-2030-cu illər üzrə Strategiyası”
vergi sisteminin daha ədalətli, sadə, əlçatan və müştəriyönümlü olmasına,
cəlbedici vergi mühitinin formalaşdırılmasına xidmət edir

Xidmət keyfiyyətinin və vergi ödəyicilərinin rahatlığının yüksəldilməsi üçün elektron xidmətlərin genişləndirilməsi, müştəriyönümlülük prinsiplərinə əsaslanan yeni interaktiv və proaktiv xidmətlərin yaradılması, arayışların təqdim edilməsi proseslərinin avtomatlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Vergi ödəyicilərinə xidmət kanallarının artırılması, əhatə dairəsinin genişləndirilməsi də nəzərdə tutulur. Rəqəmsal həllərə söykənən bu dəyişikliklər və imkanların yaradılması vergi ödəyicilərinin vaxt itkisinin aradan qaldırılmasına gətirib çıxaracaq və vergi sisteminin daha rəqabətqabiliyyətli olmasını təmin edəcək.

Gülay NƏBİYEVA