Bu ilin yanvar-iyun aylarında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 83 hərrac keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən geniş müşavirədə bildirilib. Məlumata əsasən, dövlət əmlakının özəlləşmə prosesinin sürətləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edən "Özəlləşdirmə portalı"na cari ilin ilk yarısında 400 minə yaxın baxış olub: "Ümumilikdə, fəaliyyətə başladığı dövrdən portala baxış sayı 2,4 milyonu ötüb".
Bundan əlavə, xarici və yerli investorların özəlləşdirmə prosesi barədə məlumatlandırılması, eləcə də onların prosesdə daha fəal iştirakının təmin olunması məqsədilə görüşlər keçirilir, onlara özəlləşdirmə portfelinə daxil olan müəssisələr haqqında informasiya verilir. Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Çıxarışların 1 iş günü müddətində verilməsi vətəndaşların əmlaklarını qeydiyyata almaq marağını artırır. Bu ilin ilk yarısında ölkə üzrə 112 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.