Azərbaycan və Belarus baytarlıq preparatlarının istehsalı üzrə birgə müəssisə yaradacaq

2024.12.13 17:47 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Belarusun “BelVitunifarm” ASC arasında Azərbaycanda baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.

İnstitutun məlumatına görə, sənəddə iki ölkə arasında sənaye əməkdaşlığının inkişafı, Azərbaycanda istehsal ediləcək baytarlıq preparatları hesabına həm daxili bazarın tələbatının ödənilməsi, həm də digər dövlətlərə satışın həyata keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda sənəddə quduzluğa qarşı vaksin tərkibli hazır aldadıcı yemlərin və kimyəvi-əczaçılıq baytarlıq preparatlarının istehsalının təşkili, eləcə də baytarlıq preparatlarının istehsalı və istifadəsi sahəsində mütəxəssislərin hazırlanması, məsləhətləşmələrin aparılması, işçilərin ixtisaslarının artırılması üçün müvafiq sahələr üzrə təlimlərin keçirilməsi, yeni elmi tədqiqatlar haqqında qarşılıqlı məlumat mübadiləsinin aparılması və digər məsələlər əksini tapıb.