Özəlləşdiriləcək dövlət müəssisələrinin 12 milyon manatdan çox borcu silinəcək

2019.07.29 16:46 (UTC+04:00)

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən geniş müşavirədə bildirilib. Məlumata əsasən, təqribi hesablamalara görə silinəcək borcların həcmi 12 mln. manatdan çox təşkil edir. Bundan başqa, daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazası olan Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması istiqamətində işlər davam etdirilir. Sistemin formalaşdırılması və inteqrasiyası ilə bağlı texniki şərtləri hazırlayacaq beynəlxalq nüfuzlu xarici məsləhətçi şirkət seçilib. Bu sahədə bir sıra qaydalar hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırmalar aparılır.

Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat elektron xidmətlər portalı vasitəsilə onlayn rejimdə qəbul edilməkdədir. "Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu" adlı xidmət vasitəsilə müəssisələrin hesabatları Komitə tərəfindən elektron formada qəbul olunur, ərazi idarələrinə göndərilir və yekun hesabat registr bazasına yerləşdirilir, məlumatda qeyd edilir.