Azərbaycanda əmlaka dair 50 mindən çox elektron çıxarış hazırlanıb

2019.07.29 16:24 (UTC+04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 60-a yaxın mənzil-tikinti kooperativinin (MTK) sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə daxil olub. Ümumilikdə həmin mənzillərə dair 2.500-dən çox elektron çıxarış hazırlanıb. APA-nın məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində 2019-cu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən geniş müşavirədə bildirilib. Azərbaycan Prezidentinin 29 mart 2019-cu ildə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda etdiyi dəyişiklikliyə əsasən əmlaklara dair çıxarışların tam olaraq elektron müstəviyə keçib. Bununla da təkrar qeydiyyat tam olaraq elektronlaşdırılır, vətəndaş-məmur ünsiyyəti minimuma enir, əmlakın qeydiyyatı sadələşir. "Artıq ölkədə 50 mindən çox elektron çıxarış hazırlanıb", - deyə məlumatda bildirilir.