Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlıq əlaqələri genişlənir

2019.07.29 15:51 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Fransa arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı bu baxımdan biznes əlaqələrinin və biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin önəmini qeyd edib. Fransız şirkətlərin ölkəmizdəki səmərəli fəaliyyətini qeyd edərək, onların sayının artmasından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev investisiya sahəsində də yaxşı əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısı bu səfərin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib və əlaqələrimizin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Fransa Respublikasının Prezidenti Emmanuel Makronun salamlarını dövlətimizin başçısına çatdıran Brüno Lö Mer Bakının abadlığının və inkişafının onlarda xoş təəssürat doğurduğunu vurğulayıb. O, Fransa tərəfinin Azərbaycanla siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib.
Görüşdə neft, qaz, nəqliyyat, infrastruktur, ekologiya və digər sahələrdə əməkdaşlıq və görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.